“Sabahın alimləri” müsabiqəsi başlayır

sabahin-alimleri-musabiqesi-baslayir
Oxunma sayı: 5550

Fevralın 16-dan “Sabahın alimləri “VI Respublika müsabiqəsinə start verilir. "Qafqazinfo"ya daxil olan məlumata görə, müsabiqə hər il ABŞ-da keçirilən InteI ISEF – Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisinə milli seçim turudur. Dünyaca nüfuzlu yarışa qatılmaq həvəsində olan şagirdlər həm də həmyaşıdları ilə birlikdə beynəlxalq tələblərə uyğun tədqiqat aparmağı, elmi layihə hazırlamağı və onu təqdim etməyi öyrənirlər.

Yüzlərlə iştirakçı, yüzlərlə layihə...

Təhsil Nazirliyinin və tərəfdaşlarının təşkilatçılığı ilə keçirilən müsabiqə ildən-ilə təkmilləşdirilir, bu isə tədqiqatlarla məşğul olmaq istəyən şagirdlərin sayını artırır. Azərbaycanda 2012-ci ildən etibarən keçirilən “Sabahın alimləri” müsabiqəsində indiyədək 730 şagird iştirak edib. Bu il “Sabahın alimləri” müsabiqəsində ölkəmizin 13 şəhər və rayonunda yerləşən ümumtəhsil məktəblərində təhsil alan 202 şagird 125 elmi layihə, o cümlədən 48 fərdi və 77 kollektiv layihə ilə iştirak edir.6-cı dəfə keçiriləcək müsabiqədə təkcə artan iştirakçıların sayı deyil, həm də təqdim edilən layihələrin daha innovativ olmasıdır. Belə ki, məktəblilər ildən ilə daha geniş tədqiqatlar aparmağa, yeni informasiya texnologiyalarından istifadə etməyə nail olublar.

Güclü olan qalib gəlir

Həyəcanlı, gərgin mübarizə və ədalətli rəqabət şəraitində keçən yarışda daha innovativ layihə müəllifi qalib gəlir. Münsiflər heyəti tərəfindən seçilmiş 3 layihənin müəllifləri cari ilin may ayında ABŞ-da keçiriləcək InteI ISEF-də iştirak etmək imkanı qazanırlar. İndiyədək müsabiqənin qalibləri sırasından 30 şagird İntel İSEF-də iştirak etmək hüququ qazanıb. Bu, beynəlxalq müsabiqə yalnız gənc alimlərin müəyyən edilməsinə və dəstəklənməsinə deyil, həmçinin tətbiqi və fundamental elmlər, habelə, texniki yaradıcılıq sahəsində tədqiqatların inkişaf etdirilməsinə yönəlib. Dünyada yuxarı sinif şagirdlərinin elmi yaradıcılığına həsr olunan ən iri müsabiqədə məktəblilərimiz də uğura imza atıb.

ABŞ-da tarixi uğur

2016-cı ildə ilk dəfə olaraq Azərbaycan şagirdləri InteI ISEF – Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisinin əsas mükafatlardan birinə və bir xüsusi mükafata layiq görüldülər. ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçirilən müsabiqəyə 77 ölkədən 1760 iştirakçı qatılıb. Sərgidə münsiflərin seçimi ilə fizika, materialşünaslıq kateqoriyası üzrə Nərmin Aydarova və Arzu Məmmədova IV yeri tutublar. Digər təmsilçilərimiz Nigar və Mədət Sərdarlılar isə Qətərin Elm və İşlətmələr Fondunun xüsusi mükafatına layiq görülüblər.

Kiçik akademiyadan böyük ali təhsil ocaqlarına

“Sabahın alimləri” ümumtəhsil məktəbləri ilə universitetlər, elmi təşkilatlar arasında tərəfdaşlıq əlaqələrinin yaranmasında müstəsna rol oynayır. Belə ki, müsabiqəyə Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Sumqayıt Dövlət Universiteti tərəfindən elmi dəstək verilir. Məktəblilər ali təhsil müəssisələrinin və elmi tədqiqat institutlarının laboratoriyalarında tədqiqat aparmaq, alimlərlə ünsiyyətdə olmaq imkanı əldə etməklə yanaşı ilə yanaşı komanda şəkilində də işləməyi öyrədir.

Ötən il “Sabahın alimləri” müsabiqəsində uğurla iştirak edən Nigar Sərdarlı hazırda Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində birinci kurs tələbəsidir. Müsabiqəyə qardaşı ilə birlikdə qatılan Nigar iki dəfə Azərbaycanı ABŞ-da uğurla təmsil edib: “Son 2 il ərzində iştirak etdiyimiz müsabiqələrdə biz Azərbaycan elmini ən yüksək səviyyədə təmsil etməyə çalışdıq. Biz müsabiqədə mükafat qazanmaqla yanaşı, dünyanın ən görkəmli alimləri ilə ünsiyyət qurmaq imkanı qazandıq, apardığımız tədqiqatları müzakirə etdik”.

ADA Universitetində İnformasiya Texnologiyaları fakültəsinin birinci kursunda təhsil alan Nərmin Aydarova “Sabahın alimləri” müsabiqəsinin onun üçün təcrübə olmaqla yanaşı, ali təhsil arzusunu da əlçatan etdi: “Yeni dostlar qazandım, çoxlu bilgilər əldə etdim. Nobel mükafatı laureatları ilə apardığımız fikir mübadiləsi mənim dünyaya baxışımı dəyişdi. Burada qazandığım təcrübə və yaşadığım hiss mənim ali təhsil həyatıma mühüm təsir etdi.

Şirvan şəhər 1 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Cəlal Əliyev isə bu il iştirak edəcək: “Olduqca maraqlı bir layihə ilə qatılacağam. Hesab edirəm ki, münsiflər heyəti maraqla qarşılayacaq.

Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Bu il müsabiqəyə yeni elmi ideyası və eksperimenti, mühəndis layihəsinin texniki təsviri, innovativ kompüter proqramının təsviri olan layihələr qəbul edilib.