“Ramazan ayında saxta təqvim hazırlayanlara qarşı tədbir görüləcək”

ramazan-ayinda-saxta-teqvim-hazirlayanlara-qarsi-tedbir-gorulecek
Oxunma sayı: 1305

Qafqazinfo” Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun müsahibəsini təqdim edir: 

- Səyavuş müəllim, İslam aləminin bir parçası olan ölkəmiz müqəddəs Ramazan ayına qədəm qoymuşdur. Təəssüf ki, birlik, qardaşlıq və vəhdət ayı kimi qəbul edilən bu müqədəs Ramazan ayı ilə əlaqədar məqsədyönlü şəkildə müəyyən fikir ayrılıqları ortaya atılır. Buna münasibətiniz necədir?

- Siz həqiqətən də düzgün qeyd edirsiniz ki, Ramazan ayı birlik və vəhdət ayıdır. Bu ayda bütün müsəlmanlar birləşməli və bu ayın fəzilətindən faydalanmalıdırlar. Lakin bəzən görürük ki, müəyyən qüvvələr bu ayda da parçalamaq, bölmək və təfriqə yoluna üz tuturlar. Mən bu məsələ ilə bağlı bir neçə gün öncə də öz fikrimi bildirmişəm. Hamıya məlumdur ki, Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayı ilə bağlı dini baxımdan bütün zəruri tədbirləri görür. Bu ay ilə əlaqədar Şamaxı Astrofizika rəsədxanası, eləcə də beynəlxalq mütəxəssislərin iştirakı ilə vahid təqvim hazırlanmışdır. Bu təqvim bütün coğrafi və şəriət elementlərini özündə ehtiva etməklə yanaşı, ölkəmizdə bu müqəddəs ayın vəhdət şəklində keçirilməsini də təmin edir. Təssüflə qeyd etməliyəm ki, bütün bunlara baxmayaraq ölkəmizdə saxta təqvimlərin yayılmasına cəhd edən qüvvələr var. Bəlkə də ilk baxışdan sadə görünən bu məsələnin kifayət qədər ciddi siyasi, hüquqi və mənəvi məsuliyyət doğurduğunu bildirmək istəyirəm. Çünki, namaz vaxtlarının fərqli şəkildə qeyd edildiyi bu təqvimlər müsəlmanları bölməyə, məzhəb ayrı-seçkiliyi salmağa və qardaşlıq mühitini kölgələməyə xidmət edir. Dövlət Komitəsi bununla əlaqədar Ramazan ayı ərzində ölkə üzrə məscidlərdə mütəmadi monitorinqlər təşkil edəcək. Bu saxta təqvimlərin haradasa tətbiq olunduğu aşkar edilərsə biz hüquqi müstəvidə bütün zəruri tədbirləri görəcəyik. Lakin unutmayaq ki, burada dindarlar üçün hüquqi baxımdan daha vacib olan mənəvi cəhətdən bu məsələnin yolverilməzliyidir. Birliyimizi, qardaşlığımızı və vəhdətimizi pozmağa cəhd edən məkrli niyyətlərin qarşısını yalnız bu birliyi daha da gücləndirərək ala bilərik.

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında hazırlanmış “Fitnə” sənədli filminin nümayişi müsbət mənada rezonans doğurmuşdur. Bu tipli yeni filmlərin çəkilişi nəzərdə tutulurmu?

- Bəli, biz bu yaxınlarda dini radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filminin təqdimatını həyata keçirdik. Hazırda da, ölkəmizin bütün bölgələrində bu filmin nümayişləri həyata keçirilir. Qeyd edim ki, bəzən müəyyən fikirləri insanlara, xüsusilə gənclərə effektiv çatdırmaq üçünv vizual görüntü sözdən daha təsirli olur. Biz bunu nəzərə alaraq, dini radikalizmin hansı fəsadlara yol açdığını məhz bu film vasitəsilə ictimaiyyətə göstərmək istədik. Müşahidələrimiz göstərir ki, film həqiqətən də baxanlar tərəfindən kifayət qədər maraq və rəğbətlə qarşılanır. Filmin özünə gəlincə biz burada kompleks yanaşma ortaya qoymağa, dini radikalizmin ictimai, siyasi, hüquqi, psixoloji və mənəvi baxımdan hansı ağır nəticələr doğurduğunu göstərməyə çalışmışıq. Sualınıza gəlincə isə bildirim ki, yaxın gələcəkdə bu istiqamətdə yeni sənədli filmlərin hazırlanması nəzərdə tutulmuşdur. Biz bununla əlaqədar müzakirələrə artıq başlamışıq.

- Siz dini radikalizm məsələsinə toxundunuz. Ölkəmizdə bununla bağlı vəziyyət necədir?

- Günümüzdə dini radikalizmi konkret hansısa ölkə kontekstindən yox, ümumi konteksdən qiymətləndirmək daha doğru olar. Dünyada hazırda qlobal təhlükəsizlik problemi genişlənməklə yanaşı, həm də dərinləşməkdədir. Son dövrlərdə Yaxın Şərq ölkələrində yaranmış acınacaqlı vəziyyət və miqrant axını bu probelmi daha da gərgin bir məcraya yönəldib. Belə bir vəziyyətdə ölkələr üçün dini təhlükəsizlik anlayışının nə qədər vacib olduğu bir daha önə çıxır. Biz dini radikalizmin tüğyan etdiyi ölkələri təhlil edərkən görürük ki, burada vaxtilə dini təhlükəsizlik lazımi səviyyədə təmin edilməyib. Dini təhlükəsizliyin təminatına laqeyd yanaşılıb. Lakin Azərbaycana gəldikdə isə, tamam fərqli bir mənzərə ilə qarşılaşırıq. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dahiyanə siyasət nəticəsində ölkəmizdə dövlət-din münasibətləri və dini təhlükəsizlik yüksək səviyyədə təmin edilib. Heç kim üçün sirr deyil ki, dini təhlükəsizlik olmayan yerdə iqtisadi potensialın genişlənməsindən, müsbət investisiya mühitindən söhbət gedə bilməz. Əgər bu uzaqgörən siyasət olmasaydı bu gün Azərbaycan Yaxın Şərq ölkələrinin düşdüyü vəziyyətdən də daha ağır vəziyyətlə üzləşə bilərdi. Məhz bu siyasət nəticəsində bu gün ölkəmiz regionda söz sahibidir və uğurla inkişaf edir. Bu gün ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə taleyüklü məsələlər müzakirə olunur.

- Səyavuş müəllim bu gün dünyda ən çox müzakirə edilən məsələlərdən biri də insan hüquqları ilə bağlıdır. Miqrant problemi bu məsələni bir daha gündəmə gətirib. Buna münasibətiniz necədir?

- Siz düzgün qeyd edirsiniz ki, insan hüquqlarının təmin edilməsi hər kəs üçün prioritet bir məsələdir. Lakin bu gün dünyada yaranmış vəziyyət bir daha göstərir ki, ictimai-siyasi sabitlik olmayan yerdə insan hüquqlarının təminatından danışmaq mənasızdır. Milyonlarla insan dini müstəvidə yaranmış qarşıdurma nəticəsində öz evlərindən didərgin düşərək başqa ölkələrə üz tuturlar. Onların bütün hüquqları pozulur və tapdalanır. Getdikləri ölkələrdə də şərəf və ləyaqətləri alçaldılan bu insanların heç bir günahı yoxdur. Əgər dünyanın aparıcı dövlətləri və siyasi qüvvələri insan hüquqlarının bərqərar olmasını istəyirlərsə ilk növbətə dinin siyasiləşdirilməsinə yol verməməlidirlər. İnsanların milli-mənəvi dəyəri hansısa siyasi oyunlar üçün alət olmamalıdır. Azərbaycan bu baxımdan dünya üçün gözəl bir nümunədir. Multikultural dəyərlərə və tolerant ənənələrə sahib ölkəmizdə bütün hüquqlar təmin edilir, müxtəlif dinlərin və xalqların nümayəndələri bir ailə kimi yaşayır.

- Sizcə, Azərbaycanda mövcud olan bu dəyərlərin əsas dayaqları nədən ibarətdir?

- Ölkəmizdə mövcud olan multikulturalizm mühitinin tarixi, ictimai və mənəvi dayaqları vardır. Mədəniyyətlərin kəsişməsində yerləşən ölkəmizdə daima tolerantlıq mühiti mövcud olmuşdur. Mən burada tarixi İpək Yolunun rolunu xüsusi qeyd etmək istəyirəm. İpək Yolu bir növ əlaqələndirmə mərkəzi rolunu oynayarq burada böyük bir ortaq dəyərlər üzərində qurulmuş mədəniyyətin təminatçısı olmuşdur. Təsadüfi deyil ki, bu gün müasir İpək Yolunun daha da genişləndirilməsi üçün müvafiq tədbirlər görülür. İkinci bir məqam ondan ibarətdir ki, tarix boyu ölkəmizdə islami dəyərlərlə bəşəri dəyərlər vəhdət təşkil etmişdir. Möhtərəm Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi multikuluralizm sözü bizim üçün yeni və müasir bir ifadə olsa da biz bu dəyərlərlə əsrlər boyu yaşamışıq. Multikulturalizm və tolerantlıq bu gün Azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi ictimai həyatımızda strateji rola malikdir. Deyə bilərəm ki, bir çox beynəxalq ekspertlər bizimlə görüşlərdə Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyi ilə yanaşı, tolerantlıq və multikulturalizm modeli ilə bəşəriyyətə böyük töhfə verə biləcəyini vurğulayaraq bu dəyərlərin möhkəmləndirilərək dünyaya ixrac olunmasını xahiş edirlər. Dünyanın mənəvi və iqtisadi böhran içində olduğu bir dövrdə bu xüsusilə böyük əhəmiyyət kəsb edir.

- Səyavuş müəllim son olaraq bir ziyalı kimi dindar gənclərimizə hansı tövsiyələriniz var?

- Qeyd edim ki, müstəqillik əldə edildikdən sonra ölkəmizdə milli-mənəvi dəyərlərimizə sürətli qayıdış başlamışdır. Lakin mən kor-koranə qaydışın yox, şüurlu qayıdışın tərəfdarıyam. Gənclərimizin dini düşüncəsi milli düşüncəsini gücləndirməlidir. Gənclərimiz Azərbaycanın malik olduğu dəyərlərə sahib çıxmalı və onu qorumalıdırlar. Bizim əhalimizin mütləq əksəriyyəti İslam dininə sitayiş edir. Biz öz milli-mənəvi dəyərlərimizə bağlıyıq. Lakin biz imkan verməməliyik ki, hansısa kənar qüvvələr dini müstəvidə bizə nəyisə diktə etsinlər. Azərbaycanın öz mili-mnəvi dəyərlərini qorumaq üçün heç kimə ehtiyacı yoxdur və kifayət qədər böyük potensialı var. Bizim gənclərimiz də hər hansı xarici qüvvənin əlində alətə çevrilərək ölkəmiz üçün təhdid ünsürü olmamalıdır.