“Qanuni oğru”lar kimə lazımdır?

qanuni-ogrular-kime-lazimdir
Oxunma sayı: 7062

Azər Qismət

Sabirabadlı Hikmət qətlə yetiriləndə efirdə “Allah rəhmət etsin” demişdim. Bu ifadəyə görə danlaq yemiş və məvacibimdən 5 faiz tutulmuşdu. Mənə izah etməyə çalışdılar ki, kriminal aləmin nümayəndəsinə rəhmət düşmür. Mən də qayıtmışdım ki, o insan idi. Bu lap Jeqlovla Şarapovun dialoquna bənzəmişdi: “Sən quldur öldürdün” - “Mən insan öldürdüm”.

Sabirabadlı Hikmətin dəfn mərasimində onu yaxından görənlər və ünsiyyətdə olmayanlar belə ağlayırdı. İnsan - cəmiyyətin alt qatının böyük nüfuzunu qazanmışdı. Buna səbəb barəsində danışılan rəvayətlər deyildi. İndiki adamlar əvvəlki məlumatsız adamlar kimi hər şeyə inanan deyillər. Adamlar hissiyatlı olmaqdan əlavə, həm də nəyisə götür-qoy etmək, analiz etmək qabiliyyətindədirlər. Hikmət həqiqətən də azərbaycanlıların Rusiyada qorunmasına və biznes şəbəkələrinin çiçəklənməsinə böyük köməklik göstərirdi. Və bu aləmin nüfuzlu nümayəndələrinin birindən eşitdiyimə görə “Sabirabadlı Hikmət azərbaycanlı “qanuni oğru”lar arasında MDB sərhədlərini aşıb Siciliyaya “razborka”ya çağırılan ilk şəxs olub”.

Əlbəttə, Rövşən Lənkəranskinin ölümü qəmli xəbər oldu. Yox, söhbət ondan getmir ki, Rövşən kriminal aləmin nümayəndəsi idi. Ən azından bir azərbaycanlı qətlə yetirilib. O Rusiyada azərbaycanlıları müdafiə edib. Onu öldürmək təkcə Ded Xasanın adamlarının işi deyildi. Rövşəni öldürməyi çoxları istəyirdi. Və o, Şakro Molodoyun dediyi kimi “qanuni oğru” adını 30 min dollara almamışdı. Bəli, onun ölümünü çoxları arzulayırdı: istər Ded Xasanın adamları, istərsə də “qanuni oğru” adını almağa çalışanlar. Nə vaxtdandır “koronavat” arzusu ilə yaşayanlar Rövşənin ölümünü yuxuda da görürdülər. Bununla da avtoritet dünyaya daxil olub nüfuz qazanmağa çalışanlar Türkiyədə həmin qətli başa çatdırmaqdan ötəri nələrindən keçərdilər.

Stalin rejiminin yaratdığı “qanuni oğru” məsələsinin tarixinə varmayacağam. Bunu çoxları bilir ki, QULAQ edilib düşərgələrə göndərilənlərin sakitləşməsi üçün yaradılan sistem hər halda işə yaramışdı. Onu da deməyəcəm ki, indi bəziləri köhnə klassik oğrulardan fərqlənir və bəzən az qala 18 yaşlı gəncə də bu ad verilir. Necə ki, Gürcüstanda sürücüyə verilən bu ad bizdə “zapadlo” timsalında qəbul edilirdi. Azərbaycandan ümumittifaq “qanuni oğru”ların az çıxması da bəzi məhdudiyyətlə bağlı olub. Yəni, bir rusun dediyi “Azərbaycandan ürəkli oğlanlar az çıxır” ifadəsi əslində düzgün deyil, bunun müəyyən məhdudiyyətlə ciddi əlaqəsi var. Bizdə “qanuni oğru” adı pulla satılmayıb və hər adama verilməyib. Kimsə gedib Gürcüstanda ala bilər, sırf özümüzdə belə hallara qarşı kəskin reaksiya bildirilib.

Yeni sual belədir ki, “qanuni oğru”lar lazımdırmı? Münasibət fərqlidir. Bunu qəbul edən və etməyənlər arasındakı müzakirələr hələ uzun müddət davam edəcək. Adamların həmişə Qaçaq Kərəmlərə, Robin Hudlara gizli sevgisi olub. Cəmiyyət haqqı qoruyub müdafiə edəni həmişə sevib. Fərqi yoxdur, o, hansı dünyanın nümayəndəsidir. “Qanuni oğru”ların lazımlılığını nüfuz müharibəsi və “toçka”ların bölüşdürülməsi ilə əsaslandırmayaq. Biz hüquqi dövlətik və kiminsə qan axıtması heç kimin xoşuna gəlməz. Burada söhbət tamam başqa nəsnədən gedir. Bəzi hallarda “qanuni oğru”ların mövcud olması əsasən belə əsaslandırılır: Birincisi, onlar bizi ölkə sərhədindən kənarda müdafiə edirlər.

İkincisi, qanuni oğruların olduğu yerlərdə sakitlik hökm sürür. Məsələn, məhkumlar arasında xaos baş vermir, öz həbs müddətlərini aramla qısaldırlar. Və sonuncu məsələ ondan ibarətdir ki, “qanuni oğru”ların olduğu yerlərdə ağırlıq yaranır: adamlar özünün alt şüuruna, mental dəyərlərinə qayıdır. Qadına,valideynlərə, Vətənə hörmət yenidən formalaşır. Məsələn, mənim yadımdadır ki, Lotu Cavanşirin yaşadığı ərazinin, yaxud onun evindən 5-10 kilometrlik radiusdakı gənclərin arasında narkomaniya söhbəti ola bilməzdi. Kimsə buna cəhd göstərsəydi Cavanşir o adamla ciddi söhbət edər, bu pis vərdişdən daşındırardı. Bu lap “Xaç atası” filmindəki Don Vito Andolininin narkotik maddələrin satışına qadağa qoyması qədər həqiqət idi.

Qanuni oğruların lazımlı, yaxud lazımsız olması məsələsi çox sürəcək. Çünki adamların rəğbəti hələ tükənməyib. Söhbət hər “qanuni oğru”dan da getmir. Özünə hörmət qazandıranlardan gedir.