İki nazirlik ovçularla bağlı əməliyyat keçirir

iki-nazirlik-ovcularla-bagli-emeliyyat-kecirir
Oxunma sayı: 1167

Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə, ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması, ekoloji cinayətlərin və inzibati xətaların profilaktikası ilə bağlı Daxili İşlər və Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirilir.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, bu ilin 9 ayı ərzində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsinin (Balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) tələblərini pozaraq qeyri-qanuni ovla məşğul olduqlarına görə şəhər, rayon polis orqanları tərəfindən 69 nəfər barəsində inzibati tədbirlər görülüb.

Oktyabr ayının birinci yarısında ov qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən Saatlı, Xızı, Biləsuvar, İmişli, Ağcabədi rayonları ərazisində keçirilən tədbirlər nəticəsində müvafiq icazə olmadan ov etdiklərinə, eləcə də mülki silahın daşınması və saxlanılması qaydalarını pozduqlarına görə 11 nəfər saxlanılıb, onlardan 5-i qeydiyyatsız olmaqla 11 ədəd müxtəlif markalı ov silahı və qeyri-qanuni ovlanmış çöl quşları aşkar edilərək götürülüb.

Ov qaydalarını, eləcə də mülki silahın daşınması və saxlanılması qaydalarını pozmuş şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilib.