“Heydər zirvəsi”nə kütləvi yürüş başlayıb

heyder-zirvesine-kutlevi-yurus-baslayib
Oxunma sayı: 7030

Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə kütləvi yürüş başlayıb.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Şahdağ ərazisində qeyri-sabit hava şəraitinə baxmayaraq yürüş iştirakçıları yüksək əhval-ruhiyyə ilə “Heydər zirvəsi”nə qalxaraq Heydər Əliyevin əziz xatirəsini yad edir. Respublikanın müxtəlif bölgələrindən, nazirlik, müəssisə, idarə və təşkilatlardan çoxlu sayda ziyarətçilər bu aksiyada iştirak edir.

Qeyd edək ki, son illərdə bu aksiyaya qoşulanların sayı ötən illərlə müqayisədə dəfələrlə artaraq kütləvi yürüş ənənə halını alıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şahdağ Milli Parkında yaradılmış Təşkilat Komitəsinin müəyyənləşdirdiyi marşruta uyğun olaraq yürüş iştirakçıları bələdçilərin müşayiəti ilə 06 may 2016-cı il tarixindən etibarən ayrı-ayrı mütəşəkkil qruplarla “Heydər zirvəsi”nə doğru yürüşə başlayıb. Yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə və təlimatlandırılmasına Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası rəhbərlik edir.

Xatırladaq ki, “Heydər zirvəsi”nə təşkil olunmuş və müəyyən edilmiş qrafik üzrə mütəmadi qaydada may ayının 10-dək davam edəcək kütləvi yürüşün iştirakçıları ETSN-nin müvafiq əmri ilə Şahdağ Milli Parkının ərazisinə giriş haqqından birdəfəlik azad edilib.