Eybəcərliyin güzgüsü – gülüş

eybecerliyin-guzgusu-gulus
Oxunma sayı: 2497

Fərid Hüseyn


Yazıq o şəxsə ki, qaraqabaqdır,

Nə gözəl yaraşır insana gülmək.


Yuxarıdakı misralar Mikayıl Müşfiqin yadigarıdı, necə sadə, necə məntiqli, ürəyəyaxın... Nə gizlədim, “Youtube” bu yazının yazılmasına stimul verdi. Hərdən videoları izləyərkən kadrları “saxlayıram”, sonra yenə qayıdanda “həmin səhnədə” gülən insanın simasına baxanda heyrət edirəm.

Saxta gülüş, üzü, sifəti necə eybəcər hala salır. Çox vaxt gülən adamın burnu onun hansısa heyvana bənzəməsinə səbəb olur. Ancaq elə ki, səmimi, ürəkdən gələn hislərin diktəsiylə gülənlərin “kadlarını saxlayıram” onların daha da gözəlləşdiyi, üzlərindəki nurun daha da parlaqlaşdığı nəzərimdən yayınmır. Fikir vermişəm, gülüşü təmiz adamlar daha yaxşı bəndələr olur. Üzündə İlahi nurdan əsər qalmayanların sifətinə baxanda elə bilirəm ki, həmin kəsin simasına qarşısındakıların saxta gülüşləri, “xala xətrin qalamasın” təbəssümləri hopub. Saxta gülüş həm gülənin özünü, həm də o gülüşə etika xatirinə saxta təbəssümlə cavab verənləri daha da eybəcərləşdirir.

Ürəkdən güləndə insan uşaqlığına qayıdır. Diqqət etmisinizsə, cəmiyyətdəki saxtalıq, münasibətlərdəki təmənna, bayağılığa qarşı dözüm artdıqca biz ancaq uşaq hərəkətlərinə, onların gülüşünə baxıb sevinirik. Uşaqlara gülmək onların saflığına gülməkdir. Deməli, biz ancaq uşaqlardan saflıq, təmizlik gözləyirik.

“Yeniyetmə” romanında Dostoyevski yazır: “İnsanlar güləndə, əksərən, onlara baxmaq adamda ikrah hissi doğurur və çox vaxt, insanların gülüşündə nəsə bir bayağılıq ifadə olunur. Gülən adamın bu anda öz sifətindən xəbəri olmur, eynilə də insan yatanda öz sifətindən bixəbər olur. Bəzən görürsən ki, ağıllı bir adamın sifəti yatanda səfeh görünür. İnsanların böyük əksəriyyəti gülməyi bacarmır, bacarmır ona görə ki, burda bacarılasıı bir şey yoxdur, bu, təbii haldır. Bəzən gülüş vasitəsilə insan özünü tamamilə büruzə verir və gizli mahiyyətini açıb göstərir. Hətta ağıllı gülüş belə bəzən iyrənc görünür. Gülüş hər şeydən əvvəl səmimiyyət tələb edir, insanlarda isə ən çox çatışmayan şey elə səmimiyyətdir. Gülüş kinsizlik tələb edir, insanlar isə əksərən kinli və istehzalı şəkildə gülürlər. Səmimi və kinsiz gülüş – bu sevinc deməkdir, bizim əsrin insanlarında sevinc hardandır? İnsanın sevincəkliyi onu büsbütün ifşa edir. Bəzi adamları uzun müddət anlaya bilmirsən, amma elə ki o gülməyə başlayır, o saatdaca xarakteri tamamilə aydınlaşır. Yalnız ən yüksək mənəvi kamillik dərə¬cəsinə çatmış insanlar ürəkdən gülə bilirlər. Beləliklə, əgər insanı və onun qəlbini öyrənmək istəyirsinizsə, onu susanda, danışanda, ağlayanda, ya da həyəcanlananda deyil, güləndə müşahidə edin. Əgər insanın gülüşü yaxşıdırsa, deməli o, yaxşı adamdır. Əgər onun gülüşündə nəsə səfeh bir şey görsəniz, deməli, o adam hökmən ağıldan kasaddır, baxmayaraq ki, daim ağıllı şeylər danışır. Uşaqlara fikir verin: yalnız uşaqlar tamamilə yaxşı gülə bilirlər – ona görə də onlar valehedicidirlər. Ağlayan uşaq eybəcərdir, gülən və şənlənən uşaq isə – bu, sanki cənnətdən gələn işıq şüasıdır, bu gələcəkdən xəbər verən vəhydir, həmin o gələcəkdən ki, onda insan, nəhayət, uşaq kimi saf və sadədil olacaq”.

Dostoyevski bizim bugünkü müşahidələrimizi iki əsr əvvəl yazıb, klassik ədəbiyyatda da gülüşün insan mahiyyətini açan çoxlu misallar var. Nizami Gəncəvi eybəcər insanı təsvir edərkən gülüşün ona yaraşmadığını yazırdı. Və həmin kəsin eybəcərliyini belə təsvir edirdi: “Burnu sifətində çadır qurmuşdu”.

Molyer deyirdi ki, məni çırpıb öldürün, ancaq qoyun ürəyim istəyən qədər gülüm. Bu gün cəmiyyətdə gülüş azadlığı yoxdur, əvəzində irişmə və rişxənd var.

Bu gün axtarsan cəmiyyətdə “gülüş” tapmaq olar, ancaq sevinc yoxdur. Aristotel tələbəsindən dərsi anlayıb-anlamadığını soruşur. Tələbə “hə” deyir. Aristotel tələbənin yalanını üzünə çırpır: “Anlamadın, çünki başa düşsəydin, sevinərdin”. Çünki insan anlayanda qeyri-ixtiyari sevinir. Bu gün güldüyümüz şeylərin çoxunu ya anlamırıq, ya da özümüzə güldüyümüzün fərqində deyilik. Biz daha çox pislədiyimiz və güldüyümüz “nəsnələrə” oxşayırıq.

Klassik Şərq ədəbiyyatında səmimi gülüş həm də cavab idi, əgər qəhrəman hansısa hərəkətə gülüşlə, təbəssümlə cavab verilirdisə, qarşı tərəfdə razılıq əlaməti şübhə oyatmırdı.

İndi isə gülüş məkri, hisləri, içərisi xudpəsəndliklə doğru niyyətləri gizlətməkçündü. Allah bizi “gülənlərdən” qorusun...