Evlərinin ətrafında həmişə canavar var - Kənddə tək yaşayırlar

evlerinin-etrafinda-hemise-canavar-var
Oxunma sayı: 4038

Bosniya və Herseqovinanın Gacko şəhərinə 40 kilometr uzaqlıqda, dağ başındakı Loncari kəndində tək yaşayan ailənin həyatı görənləri ovsunlayır. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, dağın zirvəsində buludlara toxunaraq yaşayan Vuk ailəsi vəhşi heyvanların da onları tez-tez “ziyarət etdiyini” deyib. Evlərinin ətrafında daim ayılar və canavarlar olur. Ancaq indiyə kimi nə heyvanların onlara bir zərəri toxunub, nə də onların heyvanlara.

Ailənin qayalıqların ətəyindəki evi qartal yuvasını xatırladır. Burada tək yaşayan üç nəfərlik ailə əsas ehtiyaclarını əkib-biçdikləri tarladan, bəslədikləri mal-qaradan, toyuq, arı və balıq kimi heyvanlardan təmin edir.

Vuk ailəsi Bosniyadakı döyüşlərdən sonra Kamil Vukun doğulub böyüdüyü Loncari kəndində yaşamağa başlayıb. Müharibə zamanı hamının tərk etdiyi kənddə bu gün onlar tək yaşayır.

Ailənin bir sıxıntısı var: söhbət edib qonaq gedə biləcəkləri hər hansı bir qonşularının olmaması.

Kənddəki tarlalarında tərəvəz və meyvə yetişdirən Kamil Vuk yaşadıqları evi də müharibədən sonra yenidən tikmək məcburiyyətində qaldıqlarını söyləyib: “Burada yetişdirdiklərimizi sataraq pul qazanırıq. İldə 2-3 ton kartof satırıq. İnəklərimiz də var. Dolanışığımızı bu yolla təmin edirik. Bundan başqa, arılarımız var. Təbii göldən balıq da tutmaq mümkündür".

Ailə elektrik enerjisinin böyük bir hissəsini kəndə yaxın dərə üzərində qurduğu mexanizmdən, bir qismini isə günəş enerjisi vasitəsilə əldə edir.

Xəstələndikləri zaman həkimə getmək və yaxud qonaq qəbul etmək bir az çətin olsa da, ailənin qapısı hər zaman qonaq-qaralı olur. Qar yağanda yollar bağlandığı üçün ailə marketdən alınacaq ləvazimatları da qış gəlməmiş tədarük görür: “Qar yağanda yollar bağlanır deyə heç bir yerə gedə bilmirik. 2012-ci ildə 2,5 metr hündürlüyündə qar yağmışdı. Bizim üçün vertolyotla yanacaq gətirdilər".

Ramizan Vuk bütün çətinliklərə baxmayaraq Loncaridə yaşadığı üçün çox xoşbəxt olduğunu söyləyib: “Buranı çox sevirəm. Hər tərəf yaşıllıqdır. Toyuqlarım, yumurtalarım, südüm, pendirim var. Hamısı da ev istehsalıdır. Tək olsaq da, çox xoşbəxtəm”.

Günel Hacı