Evdə olmasa da, 50 manat su pulu gəlib...

evde-olmasa-da-50-manat-su-pulu-gelib
Oxunma sayı: 1792

Jurnalist Azər Qəribovun anası evdə olmadığı təqdirdə ona böyük məbləğdə su borcu gəlib. “Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan jurnalist sözügedən halla əvvəllər özü də rastlaşdığını bildirib:

“Anam bir neçə ay burada olmayıb, mənzil qapalı qalıb. Lakin “Azərsu” astronomik məbləğdə hesab gətirib. Mənim özümə də bir aya 50 manatlıq qəbz gətiriblər ki, heç cür sayğacla üsü-üstə gəlmir.
Nəyə görə?

Sən demə, “Azərsu” rəhbərliyi əmr verib ki, qapını açmayana 50 manat cərimə yazın. Neçə dəfə açmasa, hər ay o qədər yazın. Bu səbədən də, işlətmədiyi suya görə anama borc yazılıb.

Necə yəni, qapını açmasalar cərimə yazın? Camaat işini gücünü atıb evdə oturmalıdır ki, cənab nəzarətçi nə vaxt təşrif buyuracaq və biz onunla ünsiyyət şərəfinə nail olacayıq?”

Məsələylə bağlı “Qafqazinfo”nun əməkdaşı “Azərsu”ASC ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətindən bildirilib ki, qeyd olunan məqam sudan istifadə qaydalarında var, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənib:

“Nəzarətçi evdə kiminsə olub-olmadığını müəyyən edə bilməz. O, həftənin müəyyən günləri, müəyyən saatlarda gəlir. Bu kimi hallar baş verən zaman əvvəlki aylara baxılır və su sərfiyyatı çıxarılır. Əgər mənzildə qeyd olunan tarixlərdə heç kim yaşamayıbsa, deməli, su sərfiyyatı olmayacaq. Sayğaca hər hansı müdaxilə olmadığı təqdirdə əlavə verilən sərfiyyatın dürüstləşməsi aparılır, qeyd olunan həmin 50 manat dəyərindəki cərimələr silinir. Bu məsələdə opponent özü maraqlı olmalıdır. Şərait yaratmalıdır ki, sayğaca baxılsın, göstərici oxunsun”.

Günel Hacı