Dolma ilə bağlı fayllar hazırlanır - UNESCO-ya salınmaq üçün

dolma-ile-bagli-fayllar-hazirlanir
Oxunma sayı: 1199

Mayın 4-də “Sərin” restoranında Azərbaycan Milli Kulinariya Mərkəzinin 25 illik yubileyi təntənəli şəkildə qeyd olunub.

Qafqazinfo” xəbər verir ki, yubiley tədbiri Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKM) və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə hökumət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların təmsilçiləri, ictimaiyyət nümayəndələri, həmçinin respublikamızın 23 şəhər və rayonundan qonaqlar, tanınmış kulinarlar iştirak edirdilər.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu gün Azərbaycan xalqının yaratdığı tarixi abidələrin, maddi və qeyri-maddi mədəniyyət nümunələrinin dünya arenasında tanıdılması ölkəmizin müstəqillik əldə etməsinin nəticəsidir: “Azərbaycan müstəqillik əldə etmədən öncə milli kulinariyanın təbliği və inkişafı haqqında düşünmək mümkün deyildi. Çünki həmin dövrdə milli dəyərləri tanıtmaq hüququmuz yox idi. Lakin müstəqillik əldə etdikdən sonra bütün sahələr kimi, milli kulinariya da öz sözünü deməyə başladı. Bu gün AMKM-nın 25 illik yubileyinin qeyd olunması olduqca əhəmiyyətli hadisədir. Baxmayaraq ki, 25 il o qədər də böyük vaxt deyil, amma bu dövr ərzində AMKM ölkəmizin zəngin mətbəxinin tanıdılması üçün səmərəli fəaliyyət göstərib. Bu illər ərzində bütün sahələrdə olduğu kimi kulinariya sahəsində də Azərbaycan xalqının qədim dövürlərdən qoruyub saxladığı, və gündən-günə inkişaf etdirdiyi mətbəx nümunələri bu gün dünya səviyyəsində tanıdılır, təbliğ olunur”.

Əbülfəs Qarayev həmçinin onu da vurğulayıb ki, hazırda türk dünyasına məxsus olan dolmanın bişirilmə ənənələrinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün fayllar hazırlanır.

Nazir Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın AMKM-nin 25 illiyi münasibətilə təbrik məktubunu Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanova təqdim edib.

Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov qurumun 25 illik fəaliyyəti haqqında geniş hesabat məruzə ilə çıxış edib. Bildirdi ki, AMKM yarandığı gündən Azərbaycan mətbəxinin tədqiqində, əhalinin kulinariya sahəsində maarifləndirilməsində, kulinariya mədəniyyəti və təcrübəsinin yayılmasında, milli mətbəx nümunələrinin toplanması, dünya miqyasında tanıdılması və təbliği istiqamətində mühüm işlər görüb.