Bu gün Od çərşənbəsidir

bu-gun-od-cersenbesidir
Oxunma sayı: 1166

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur. “Qafqazinfo” xəbər verir ki, ikinci çərşənbə xalq arasında Üskü çərşənbə, Adlı çərşənbə kimi tanınan Od çərşənbədir.

Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından qaynaqlanıb. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən atlanmaqla daxildəki bütün çirkabı və azar-bezarı yandırırlar.

Qədim zamanlardan bəri od Türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi olub. Od çərşənbəsinin mahiyyətində odun qədimdən müqəddəs sayılması, odun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyrin qələbə çalacağına inam ifadə olunur.

Novruz bayramı ərəfəsində keçirilən od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin - od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür. Qədim türk mifologiyasında odla bağlı müxtəlif motivlər mövcud olub. İnanclara görə, odu günəşlə, işıqla bağlayırlar. Od çərşənbəsində Oda sitayiş edilir, onun şərəfinə şənliklər təşkil olunur. Günəşin istisini arzulayanlar babalarımız böyük tonqal qalayıb günəşin çıxmasını gözləyər, odun şərəfinə nəğmələr söyləyərdilər.

Qeyd edək ki, Azərbaycanda axır çərşənbə martın 14-nə təsadüf edir. Bu il Azərbaycanda baharın gəlişi martın 20-də Bakı vaxtı ilə təxminən saat 14:29 radələrində baş verəcək.