Azıx mağarasında aparılan arxeoloji qazıntı ilə bağlı - XİN-dən açıqlama

azix-magarasinda-aparilan-arxeoloji-qazinti-ile-bagli
Oxunma sayı: 1571

Ermənistan KİV-də bir qrup əcnəbi tədqiqatçının Azərbaycanın işğal olunmuş ərazilərində olan Azıx mağarasında qanunsuz arxeoloji qazıntı ilə məşğul olması barədə məlumat verilir. Azərbaycan XİN-i bununla bağlı açıqlama yayıb.

"Qafqazinfo" xəbər verir ki, XİN-in açıqlamasında bildirilir ki, bu şəxslər Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçib, ölkəmizin müvafiq dövlət qurumlarının lisenziyası olmadan Azıx mağarası ərazisində qazıntı işləri aparır, bu zaman aşkar edilmiş tarixi və arxeoloji maddi mədəniyyət nümunələrini və ya onlara dair məlumatları Azərbaycan sərhədindən gömrük nəzarətindən kənar – gizli və aldatma yolu ilə keçiriblər. Onların bu kimi hüquqazidd əməlləri Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin də ciddi şəkildə pozulmasıdır:

"Bu kimi fəaliyyətləri ilə onlar beynəlxalq humanitar hüququ, YUNESKO–nun “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi” haqqında 1954-cü il Konvensiyası (Convention for the Protection of Cultural Property in the Event of Armed Conflict with Regulations for the Execution of the Convention 1954) və “Mədəni mülkiyyətin qanunsuz idxalı, ixracı və onun üzərində sahiblik hüququnun ötürülməsinin qadağan edilməsi vasitələri” haqqında 1970-ci il Konvesiyanın (Convention on the Means of Prohibiting and Preventing the Illicit Import, Export and Transfer of Ownership of Cultural Property 1970) müddəalarını da kobud şəkildə pozublar. 

Təəssüflər olsun ki, İspaniyanın Milli Təbii Elmlər Muzeyi, Böyük Britaniyanın Blandford Tarix Muzeyi öz əməkdaşlarının Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq konvensiyalara zidd əməllərinin qarşısını almaq üçün zəruri tədbirlər görmürlər. 

Bu kimi qanunsuz fəaliyyətlərinə görə Yolanda Fernandez-Xalvo Böyük Britaniyanın Blandford Muzeyinin əməkdaşı Tania Kinq və Böyük Britaniyanın Təbii Tarix Muzeyinin əməkdaşı Pitr Endryus adları hələ bir müddət bundan əvvəl “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na daxil edilib. 

Bununla bərabər, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, onlar barəsində digər zəruri hüquqi addımların atılması kimi tədbirlər də nəzərdən keçirilir.