Azərbaycanda nə qədər seçici var?

azerbaycanda-ne-qeder-secici-var
Oxunma sayı: 707

Mərkəzi Seçki Komissiyasının bilavasitə rəhbərliyi ilə 2016-cı ilin əvvəllərindən may ayının sonunadək həyata keçirilən dəqiqləşdirmə prosesi nəticəsində seçici siyahılarının yüksək keyfiyyətdə və dəqiqliklə hazırlanmasına nail olunub.

Qurumun Media və ictimai əlaqələr şöbəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, otuz mindən artıq aşağı seçki komissiyası üzvünün cəlb olunduğu bu əhatəli və irimiqyaslı poses Daxili İşlər NazirliyiƏdliyyə Nazirliyinin aidiyyatı orqanları, yerli icra hakimiyyətləri və bələdiyyə qurumları ilə sıx və intensiv əməkdaşlıq şəraitində reallaşdırılıb. Siyahıların dəqiqləşdirilməsində Azərbaycan seçicilərinin də maraqlı olması və aktiv iştirakı, həmçinin Mərkəzi Seçki Komissiyasının 115 nömrəli qaynar xətti və internet səhifəsindəki on-line xidmət aparılan işin səmərəliliyini daha da artırıb.

Mərkəzi Seçki Komissiyasını fiber-optik xətlər üzərindən 125 seçki dairəsinin dairə seçki komissiyası ilə əlaqələndirən lokal şəbəkənin yaratdığı çevik, interaktiv və təhlükəsiz informasiya mübadiləsi, habelə müasir texnologiyanın verdiyi imkanlar seçici siyahılarının dəqiqləşdirilməsi prosesinin səmərəliliyini artırıb, seçicilərlə bağlı məlumatların keyfiyyətli təhlilini təmin edib və nəticədə siyahılar seçicilərin səsvermə hüquqlarının təmin edilməsi üçün real məlumatların əks olunduğu dəqiq bazaya çevrilib.

Qeyd edək ki, 2016-cı il may ayının 26-sına olan məlumata görə, ölkə üzrə vahid seçicilər siyahısına 5127111 seçici daxil edilib ki, onların da təqribən 48,35 faizini kişilər, 51,65 faizini isə qadınlar təşkil edir.