Azərbaycan dini icmalarından etiraz məktubu

azerbaycan-dini-icmalarindan-etiraz-mektubu
Oxunma sayı: 1139

Azərbaycandakı dini icmaların rəhbərləri Parlamentlərarası Pravoslav Assambleyasına etiraz məktubu ünvanlayıblar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən qeyri-İslam dini icmaların rəhbərləri bu ilin 4-8 iyul tarixlərində Yunanıstanın Saloniki şəhərində Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) 23-cü illik toplantısının iştirakçıları tərəfindən qəbul olunan “Fundamental Qlobal Təhdidlər – Xristian Pravoslav Perspektivi” adlı qətnamənin sonuncu bəndinə - Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan və aprel döyüşləri ilə bağlı tamamilə yanlış məlumatı özündə əks etdirən müddəaya etiraz məktubu ünvanlayıblar.

Müraicətdə deyilir ki, "Parlamentlərarası Pravoslav Assambleyasının hörmətli üzvləri, Parlamentlərarası Pravoslav Assambleyasının bu ilin 4-8 iyul tarixlərində Yunanıstanın Soloniki şəhərində keçirilən 23-cü illik toplantısında qəbul olunan “Fundamental Qlobal Təhdidlər – Xristian Pravoslav Perspektivi” adlı qətnamə müasir dünyanın, xüsusilə də Avropanın taleyi üçün əhəmiyyətli və həssas məsələlərə toxunsa da, təəssüf ki, qətnamədə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müddəalar reallıqdan və obyektivlikdən uzaqdır”.
“Biz dini konfessiyaların, dini liderlərin və dini qurumların sülh və qardaşlıq naminə bir araya gəlmələrini qiymətləndirir, lakin Parlamentlərarası Pravoslav Assambleyasının “Fundamental Qlobal Təhdidlər – Xristian Pravoslav Perspektivi” adlı qətnaməsinə hansısa tərəfin maraqlarından çıxış edərək, Dağlıq Qarabağ barəsində düzgün olmayan, təxribat xarakterli müddəanın əlavə edilməsini Parlamentlərarası Pravoslav Assambleyasının xristianlıq və demokratiya prinsipləri və dəyərləri üzərində qurulan hədəflərinə zidd olduğunu düşünürük.

Odur ki, biz, baş verən hadisələrin, eyni zamanda Azərbaycan dövlətinin apardığı siyasətin şahidi kimi Sizi qərəzsiz və düzgün mövqe nümayiş etdirməyə, ədalətin bərpası üçün səy göstərməyə çağırırıq".