“Zərərçəkənə heç bir kömək etmədik” - Qəzada ölən hakim oğlunun məhkəməsi

zerercekene-hec-bir-komek-etmedik
Oxunma sayı: 2686

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elbəyi Allahverdiyevin oğlu Rüfət Allahverdiyevin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Rəhim Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Nəsimi Rayon Mühafizə Xidmətinin əməkdaşı Şakir Quliyev şahid qismində ifadə verərək deyib ki, hadisə zamanı təxminən 200 metr aralıda olub: "Səs eşidib döndüm, tüstüdən heç nə görmədim. Ucaboylu bir adam maşının qabağında idi, qaçıb ondan soruşdum ki, nə olub, əli ilə maşını göstərdi. Maşına baxdım, heç kim yox idi. Sonra maşının qabağından zərərçəkəni (Rüfəti - red.) dartıb çıxardıq, təcili yardıma zəng etdim. Onun ayaqları sınmışdı, daxili qanaxması var idi. Sonra yol polisi gəldi, bu şəxs (R.Kərimovu göstərərək- red.) sürücü olduğunu dedi və sənədləri təqdim etdi. Sürücü yuxulu kimi idi".

Prokurorun suallarını cavablandıran Ş.Quliyev deyib ki, yolda olarkən oradan sürətli maşın keçdiyini görməyib.

Şahid Rauf Şükürlü ifadə verərək hadisə zamanı qəza törədilən avtomobilin içində olduğunu deyib: "Rəhimi uşaqlıqdan tanıyıram. Hadisə günü gündüz Rəhimlə görüşdük, Nərimanov metrosunun yanına gedib Nəqliyyat Nazirliyində işləyən dostumuz Muxtarı götürdük, sonra da Musa gəldi. Biz şəhərdə gəzirdik. Musaya borcu olan bir adam vardı, onu götürmək üçün Biləcəriyə getdik, ordan da Muxtarı aparıb Balaxanıda evə qoyduq. Hadisə olanda mən öndə sağda oturmuşdum, mən sönmüşdüm, amma narkotik istifadə etməmişəm, yuxulamışdım. Bir də eşitdim ki, qışqırırlar, gözlərimi açdım, gördüm qəza olub. Şokdan ayıldım, zərərçəkənə heç bir kömək etmədik, ora-bura gəzirdim. Musa o uşağı yerdə qucaqlamışdı, Rəhim sınmış əlini tutub dayanmışdı".

R.Şükürlü təqsirləndirilən R.Kərimovun vəkili Orxan Əhmədovun suallarına cavab verərkən deyib ki, Rəhim maşını sürməyi bəzən Musa ilə dəyişirdi.

Məhkəmədə fasilə elan olunub. Proses dekabrın 6-da davam etdiriləcək.

Qeyd edək ki, qəzada vəfat edən Rüfət Allahverdiyevin atası Elbəyi Allahverdiyev öncə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi, sonra isə Tərtər Hərbi Məhkəməsinin sədri olub. 2016-cı ildə Bakı Hərbi Məhkəməsinə təyin olunub. MTN generalı Akif Çovdarovun və dəstəsinin cinayət işi üzrə keçirilən məhkəmədə hakimdir.

R.Kərimovun atası Yüzasif Kərimov isə Mərkəzi Klinik Xəstəxananın baş həkimi olub, hadisədən sonra vəzifədən çıxarılıb.

Murad Əhməd