“Taleh Bağırov dini dövlət qurmaq istədiyini deyirdi” - Nardaran sakini

taleh-bagirov-dini-dovlet-qurmaq-istediyini-deyirdi-
Oxunma sayı: 1739

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran hadisələri"nə görə təqsirləndirilən Taleh Bağırov, Fuad Qəhrəmanlı və digər 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin dindirilməsi davam etdirilib.

Nardaran qəsəbəsi sakini Bəxtiyar Aşurov ifadə verərək Nardaran hadisəsində iştirak etmədiyini deyib, lakin polislər tərəfindən saxlanılaraq inzibati qaydada cəzalandırıldığını bildirib. Onun polisdə verdiyi izahat elan olunub: "Taleh Bağırov çıxışları zamanı Azərbaycanda dini dövlət qurmaq istədiyini, bunun üçün canımızdan-qanımızdan keçməliyik deyə bildirirdi".

Vəkil Yalçın İmanov "Bandotdel" əməkdaşı İslam Ağabəyovun təkrar şahid qismində dindirilməsi barədə vəsatət verib, lakin təmin olunmayıb.

Proses günün ikinci yarısında davam etdiriləcək.

Murad Əhməd