“Sürücələrin adını MTN yoxlayırdı...”

surucelerin-adini-mtn-yoxlayirdi-
Oxunma sayı: 1906

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərini avtobusla vurmaqda təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, Xidmətin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov və "Təhlükəsiz Şəhər Xidməti"nin operatoru Elçin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Nəqliyyat Nazirliyinin aparat rəhbəri Cavid Nəcəfov şahid qismində ifadə verərək deyib ki, Avropa Oyunları ilə bağlı nazirlikdə yaradılan işçi qrupun üzvü olub: “Bu mühüm tədbirdə sürücülər seçilməliydi. Nazir Ziya Məmmədov tərəfindən sürücülərin seçilməsi Dövlət Avtobil Nəqliyyatı Xidmətinə tapşırılmışdı. Siyahıların hazırlmasından mənim xəbərim olmayıb. Çünki bu mənim səlahiyyətlərimə daxil olmayıb. O işlə Dövlət Avtomobil Xidmətinin şöbə rəisi Hüseyn Salmanov məşğul olurdu. Sürücülərin siyahısının ilkin yoxlamaya gedən zaman qol çəkmişəm. Yalnız oradan gələn məxfi siyahıdan xəbərim olmayıb".

Avropa Oyunları zamanı yaradılan Nəqliyyat Deposunun baş dispetçeri olan Lalə Aşurzadə deyib ki, onlar sürücülərə təlim keçiblər: “Avtobuslar hər axşam texniki baxışdan keçirilirdi. Nasaz avtobusların çıxışına icazə verilmirdi".

İdman Tibbi Reabilatisiya İnistutun həkimi Mətanət Səmədova ifadəsində Avropa Oyunları zamanı xəsarət alan bütün idmançıları onların qəbul etdiyini bildirib: “Bizə Venera adlı idmançını gətirdilər. Rentgendən keçirdik. Xəstənin rentgen nəticələrini faksla Avropa Oyunları Komitəsində göndərdik”.

Nəqliyyat Nazirliyin Əlaqələndirmə və Lisenziya şöbəsinin rəhbəri Məzahir Məmmədov ifadə verərək yalnız rəhbərlik tərəfindən verilən tapşırılıqları yerinə yetirdiyini deyib: “Sürücülərin siyahısının hazırlanmasından mənim xəbərim olmayıb. Yalnız həmin sürücələrin adının xüsüsi şöbə tərəfindən MTN-də yoxlanmasını bilirdim”.
M.Məmmədovun ibtidai istintaqa verdiyi ifadəsi ilə hazırda məhkəmə zalında verdiyi ifadə arasında ziddiyyət olduğunu bildirilib. Buna görə də onun ilk ifadəsi elan olunub. Məlum olub ki, Məzahir Məmmədov ibtidai istintaqa ifadəsində sürücülərin siyahısının onun imzası ilə xüsusi xidmət orqanlarına göndərildiyini və cavabın da onun adına gəldiyini deyib.

2012-2015-ci illərrə Bakı Sərnişin Daşıma MMC-in rəisi olan Rövşən Məmmədov ifadə verərək deyib ki, daşıyıcılardan sürücülərin siyahısının toplanması və müvafiq yerlərə göndərilməsi ilə məşğul olublar və siyahıların nəticəsindən xəbəri olmayıb.

Təqsirləndirilən Hüseyn Salmanovun etiraz edərək R,Məmmədovun siyahıdan birbaşa məlumatlı olduğunu deyib: “Nazirlikdə dəfələrlə işi Fərid Əmiraslanovun gördüyünü demisiz. Hadisə olan kimi müavininiz Davud Əhməzdədə bizə bildirdi ki, sürücü Vəli Əhmədov siyahıdan keçib. Heç bir problem yoxdu".

Vəkillər vəsatət verərək Davud Əhmədzadənin şahid qismində dindirilməsini istəyib. Vəsatət təmin edilib.

Məhkəmənin növbəti iclası iyunun 10-a təyin edilib.

Qeyd edək ki, 2015-ci il iyun ayının 11-də, I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Hadisədən sonra avtobusun sürücüsü V.Əhmədov, Nəqliyyat Nazirliyi nin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi H.Salamov və "Təhlükəsiz şəhər” kamerasının operatoru E.Həsənov adlı şəxs tutulub.

NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi F.Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb. V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Murad Əhməd