Silahlı insidentdə təqsirləndirilən şəxslərin cəzaları azaldılıb

silahli-insidentde-teqsirlendirilen-sexslerin-cezalari-azaldilib
Oxunma sayı: 1263

Bu gün Sumqayıt Apellyasiya Məhkəməsində Sumqayıt şəhərində sələfilərlə xəvariclər arasında baş vermiş silahlı insidentlə bağlı həbs edilən şəxslərin apellyasiya şikayətləri üzrə məhkəmə başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, vəkil Fariz Namazlının APA-ya verdiyi məlumata görə, məhkəmə onların barəsində olan hökmü dəyişib.

Belə ki, Elçin Əkbərova 7 il, Amil Tağıyevə 5 il 6 ay, Kənan Mehrəliyevə 5 il 6 ay, Anar Rəhimova 6 il 6 ay cəza təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Əkbərov 9 il, Anar Rəhimov 8 il, Amil Tağıyev 7 il, Kənan Mehrəliyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilənlər apellyasiya şikayəti verərək bəraət hökmünün çıxarılmasını istəyiblər.

Xatırladaq ki, hadisə 2013-cü il dekabrın 11-də saat 20:30 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Soltan” çay evində baş verib. İki qruplaşma arasında dini baxışlarında olan fikri ayrılığına görə yaranmış mübahisə sonda silahlı insidentlə nəticələnib. Hadisə zamanı Sumqayıt şəhər sakinləri Elmar Məmmədli və Anar Rəhimov bıçaq xəsarətləri, Təzə Corat qəsəbə sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar. Hadisədə təqsirləndirilən şəxslər tutulub. Onlardan silah-sursat götürülüb.