Səmalarda nə işin var axı, Sara?..

semalarda-ne-isin-var-axi-sara
Oxunma sayı: 12107

Bir neçə gün əvvəl Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 72 ünvanında 15 yaşlı Sara Sadıqlının faciəli şəkildə həyatını itirməsi haqqında xəbərlər yayıldı. Bəzi mətbuata orqanlarında bu xəbər intihar hadisəsi kimi təqdim olunsa da, əslində bu, ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisə olub.

Qafqazinfo” nun əməkdaşı hadisə baş verən mənzildə olub. Məlum olub ki, Sara həmin gün həyətdə olan atasının dalınca boylanmaq üçün başını pəncərədən çıxarıb və bu bütün binanın sakinlərini sarsıdan hadisə baş verib.

Atası Cəmil Sadıqlı bildirib ki, qızı pianoçu idi və 7 illik musiqi təhsilini bu il başa vuracaqdı.

Qonşuları da, valideynləri də deyir ki, Saranın haqqında çox söz danışmaq olar. Ancaq hər şeyi elə şagirdinin evinə baş çəkməyə gələn, alman dili müəllimi olan Yusif Savalanın Saraya həsr etdiyi şeirindən görmək olar.

Qafqazinfo” həmin şeiri təqdim edir:

Səhərlər
sevimli Sara sevinər,
saçlarını sığallardı, darardı.
Saraya Günəş gülümsəyərdi,
Sara Günəşə gülümsəyərdi.
Gündüzlər
gözəl gözləri gülərdi,
gözlərdi axşamları.
Axşamlar
aram-aram axan Ayı arardı,
arzularıyla
gecələr
göylərdə gəzib-dolaşardı.
Aydan arıydı, sudan duru,
ucaydı qüruru.

Səhərlər
saçlarını darayanda da,
gündüzlər
axşamları gözləyəndə də,
axşamlar
Ayı arayanda da,
gecələr
göylərdə gəzib-dolaşanda da,
boylanırdı səmaya
sevimli Sara.

Bu da son, bu da axır...
(gözlərimdən yaş axır, isladır varağı)
Bu gənc yaşda,
Sara, sənin
Səmalarda nə işin var axı...

***

Sara
hərdən royalda
həzin bir nəğmə çalar,
royal sanki dillənər,
Səslərdə neçə çalar!
Sara
xəyala dalar,
baxışları
naməlum nöqtəyə zillənər...