Şairin evini qarət edənlər tutuldu

sairin-evini-qaret-edenler-tutuldu
Oxunma sayı: 3413

Gənc şair Şəhriyar Del Geraninin yaşadığı mənzildən oğurluq edənlər saxlanılıb.

Bu barədə “Qafqazinfo”ya şairin özü məlumat verib. O bildirib ki, polis zəng vuraraq evindən oğurluq edənlərin tapıldığını bildirib.

Abşeron rayon polis İdarəsinin cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili Samir Qayıbov da “Qafqazinfo”ya məlumatı təsdiqləyib. Əməliyyatçı bildirib ki, 28 may tarixində həmin oğurluq hadisəsinin üstü açılıb: “May ayının 18-dən 19-na keçən gecə Şəhriyar Del Gerani evində oğurluq hadisəsi baş verməsilə bağlı polis idarəsinə ərizəylə müraciət edib. 28 may tarixində həmin oğurluq hadisəsinin üstü açılıb. Oğurluq edənlər Xırdalan sakinləri 1997-ci il təvəllüdlü Emil Şirinov və 1989-cu il təvəllüdlü Elman Babayev olub.

Daha əvvəl həbsdə olan Anar adlı şəxs onlara bu evi nişan verib. Həmin şəxslər şairin evi ilə yanaşı bir neçə evdən də oğurluq edib”.

Əməliyyatçı onu da qeyd edib ki, evdən oğurlanan kömpüter də tapılıb və hazırda istintaq materialı kimi saxlanılır.

Xatırladaq ki, bir neçə gün əvvəl gənc şair Şəhriyar Del Geraninin yaşadığı mənzili yarıblar. Pəncərədəki barmaqlıqları qıraraq mənzilə daxil olan oğrular evdən yalnız şairin əsərlərinin arxivi olan noutbuku aparıblar.

Günel Hacı