Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaynını öldürməyə cəhd etməkdə təqsirləndirilən Mehman Fəsədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid ifadə verib.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşı Elçin Qəmbərov şahid qismində ifadə verərək hadisəni görmədiyini deyib: "Bilirəm ki, Mehman gəlib gülləylə vurub gedib. Hadisə vaxtı orda olmamışam. Mehman gələndə də görməmişəm. Mən güllə səsinə çölə çıxdım. Gördüm ki, artıq Elnar vurulub. Onu götürüb xəstəxanaya apardım".
Məhkəmə istintaqı tamamlanıb. Dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəmək üçün vaxt istəyib.
Məhkəmə prosesi oktyabrın 31-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə bu ilin yanvar ayında baş verib. M.Fəsədov içki düşkünü olduğu üçün qaynı onun arvadı və uşaqlarını öz evinə aparıb, ona isə içkini tərgitdikdən sonra ailəsini geri qaytaracaqlarını deyib. M.Fəsədov qaynı Elnar Canatovun işlədiyi "EuroHome" mağazasına gələrək onu güllələyib. Yaralının həyatını xilas etmək mümkün olub.
M.Fəsədov Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilir.