Qaradağda qaz kəməri partladı - BP işçilərini evakuasiya etdi + Video + Yenilənib

qaradagda-qaz-kemeri-partladi
Oxunma sayı: 7858

Bakının Qaradağ rayonunda qaz xəttində partlayış olub.

Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə “Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsi”nin sədri Mirvari Qəhrəmanlı məlumat verib.

O bildirib ki, Səngəçal qəsəbəsinin Yenikənd adlı ərazisində Azəriqazın Qaz ixracı idarəsinin kompressor stansiyasında 125 atmosfer təyziqi olan qaz xəttinin partlaması nəticəsində partlayış baş verib: “Alov evlərə də sirayət edib. Xəsarət alanlar barədə araşdırma aparırıq”.

Qaradağ Rayon Polis İdarəsindən “Qafqazinfo”ya hadisənin baş verdiyi təsdiqləyiblər.

***

Qaradağ rayon icra başçısının müavini Azad Nərimanov "Qafqazinfo"ya açıqlamasında hazırda hadisə yerində olduğunu deyib: ““Qazıməmməd” qaz kəməri partlayıb. Bütün rəsmi qurumların əməkdaşları buradadır, mütəxəssislər işləyirlər. Hazırda borunun bağlanması və yanğının söndürülməsi üçün işlər davam etdirilir.

Yaralı və ya ölüm faktı qeydə alınmayıb. Evlərə də ziyan dəyməyib. Partlayış baş verən yer bir qəsəbədən 2-3 kilometr aralı, digərindən 500-1000 metr aralıdadır”.

***

FHN baş verən partlayışla bağlı məlumat yayıb:

"Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradag rayonunda diametri 1000-1200 mm olan 2 ədəd qaz xəttində yanğınla nəticələnən partlayış baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb, yanğının söndürülməsi işləri davam edir, yaşayış məntəqələri üçün təhlükə yoxdur". 

"Qafqazinfo"ya daxil olan məlumata görə, partlayışdan yarım kilometr uzaqlıqda yerləşən BP şirkətinin Səngəçal terminalının əməkdaşlarını evakuasiya edib və təhlükəsizlik məqsədi ilə onları evə yollayıb. 

***

SOCAR qaz kəmərində baş vermiş hadisə ilə əlaqədar ilkin məlumat yayıb. Məlumatda deyilir:

"Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində partlayış baş verib.

Xəsarət alan yoxdur. Hazırda həmin xətt lokallaşdırılır, sistemə daxil olan təbii qaz dayandırılır və təmir işlərinə başlamaq üçün hazırlıq görülür".

***

Qaz kəməsində baş verən yanğın tamamilə söndürülüb. 

Murad Əhməd