Flower

“Qadınlar var, yoxsa var-yoxuna söyərdim...” - Çovdarov əsəbiləşdi

““Qadınlar var, yoxsa var-yoxuna söyərdim...”  -  Çovdarov əsəbiləşdi
Oxunma sayı: 10472

Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan rəisi, general-mayor Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş, Biləcəri bələdiyyə sədri İlham Xəlilov ifadə verərək ibtidai istintaqa danışdıqlarını təsdiq edib.

O, Çovdarovun onu hədələyərək 100 min manat aldığını deyib.

Akif Çovdarovun vəkili Sadiq Rəsulov jurnalistlərə açıqlamasında deyib ki, İlham Xəlilov məhkəmədə ziddiyyətli ifadələr verib: "O, MTN-də 4-cü mərtəbədə Çovdarova pul verdiyini dedi. Ancaq həmin vaxt Çovdarovun xidməti otağı 1-ci mərtəbədə olub. Sonra dedi ki, pulun qalan hissəsini Çovdarovun xidməti maşınında ona verib. Amma Çovdarovun həmin vaxt xidməti maşını olmayıb. İstintaqda onu Çovdarovun, məhkəmədə isə Adil Yaqubovun hədələdiyini deyib".

Binəqədi qəsəbəsi bələdiyyəsinin sədri, zərərçəkən Elman Salmanov məhkəmədə İlham Xəlilovu təkzib edib: "İlham Xəlilov mənə "əgər 150 mini verməsən, sənin başına torba keçirəcəklər" dedi. Mən də ağsaqqalımla danışmaq üçün vaxt istədiyimi dedim. Mən 150 min manatı İlhama verdim, o dedi MTN-ə verəcək. Mən Çovdarovu heç vaxt görməmişəm".

Akif Çovdarov çıxış edərək Elman Salmanova cavab verib: "Sənin ağsaqqalını tanıyıram, münasibətimiz də var. Əgər belə bir şey olubsa, sənin ağsaqqalın hacı niyə mənə zəng edib demirdi ki, "Akif, Elmandan niyə pul istəyirsən?". Bu deyilənlər yalandır. Elman Salmanov adlı şəxsin kim olduğunu, hansı vəzifədə işlədiyini bilmirəm. Əgər Elman Salmanovu çağırmaq lazım olsa idi, İlham Xəlilov vasitəsilə deyil, özüm çağırardım. İlham Xəlilov mənim adımdan istifadə edərək başqalarından pul alıb".

Prosesdə fasilə elan olunub.

Qeyd edək ki, E.Salmanovun ağsaqqalı kimi adı hallanan şəxs Hacı Madər Musayevdir.

***

Fasilədən sonra A.Çovdarovun dostu Adil Yaqubov və sürücüsü Nurxan Atakişiyev ifadə verərək İlham Xəlilovun yalan danışdıqlarını deyiblər.

Prosesdə zərərçəkmiş İlham Xəlilov prokurorun suallarını cavablandırıb. Bildirib ki, A. Çovdarov ondan pul alıb.

Zərərçəkmiş İlham Xəlilov prokurorun suallarını cavablandırarkən A.Çovdarovun ondan pul aldığını bir daha təsdiqləyib.

Bu zaman A. Çovdarov ona əsəbi reaksiya verib: "Yalan deyənin var-yoxuna söyərdim. Amma burda qadınlar var, açıq danışa bilmirəm".

Məhkəmə prosesi yanvarın 16-da davam etdiriləcək.

Murad Əhməd


Yeni Facebook səhifəmizi bəyən


Bizi twitter-də izlə