Prokuror “Atletlər kəndi”ndəki qəzanın səbəbkarlarına cəza tələb etdi

prokuror-atletler-kendindeki-qezanin-sebebkarlarina-ceza-teleb-etdi
Oxunma sayı: 1690

Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları zamanı "Atletlər kəndi"ndə baş verən yol-nəqliyyat hadisəsində təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Qafqazinfo"nun APA-ya istinadən məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən şəxslərdən Vəli Əhmədovun 3 il müddətinə azadlıqdan məhrum olunaraq cəzasını məntəqə tipli müəssisədə çəkməsini, Hüseyn Salamovun və Elçin Həsənovun hər birinin 7 il müddətinə azadlıqdan məhrum edilmələrini, Fərid Əmiraslanovun isə 5 il müddətinə azadlıqdan məhrum olunaraq cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib.

Sonra prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər. Onlar müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Proses iyulun sonuna qədər davam etdiriləcək.

Qeyd edək ki, ötən il iyunun 11-də, I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadaları üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub.

Yol-nəqliyyat hadisəsində sürücü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, "Təhlükəsiz şəhər" kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov təqsirləndirilir. V. Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H. Salmanov və E. Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F. Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb. Digərlərindən fərqli olaraq, F.Əmiraslanov barəsində həbs-qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb.