Prezident qərar verdi - Hasarlar söküləcəkmi?

prezident-qerar-verdi-
Oxunma sayı: 14755

Xəzər dənizinin Azərbaycana mənsub olan sahilboyu ərazisinə icazəsiz müdaxilələr, sahilin hündür divarlarla hasarlanması və vəzifədən sui-istifadə etmə halları ölkə mediasında dəfələrlə işıqlandırılıb.

Prezident İlham Əliyevin ötən gün imzaladığı sözügedən problemlərin aradan qaldırılması üçün cəzaların sərtləşdirilməsi ilə bağlı sərəncam məsələni yenidən gündəmə gətirib. “Qafqazinfo” xəbər verir ki, sözügedən sərəncamda bildirilib ki, həmin ərazilərə icazəsiz müdaxilə olunduqda və yaxud vəzifədən sui-istifadə halları yaşandıqda şəxslər qanunun 314-cü maddəsinə uyğun olaraq cəzalandırılır.

Bu məqamda qeyd edək ki, hazırda 20-50 metr müəyyənləşmiş dövlət mülkiyyətində saxlanılan sahil zolağı 1997-ci ildə qəbul olunan qanunda 80-130 metrlik zolaq kimi nəzərdə tutulub. 2003-cü ildə isə mərhum prezident Heydər Əliyev Xəzər sahillərində şəxsi evlərin, obyektlərin tikintisini qadağan edən “Azərbaycan Respublikasında Xəzər dəniz sahilindən istifadəyə dair bir sıra tədbirlər haqqında” sərəncam imzalayıb. 2008-ci ildə isə Milli Məclis “Torpaq islahatı haqqında” qanuna dəyişiklik edərək bu ölçünü 20-50 metr müəyyənləşdirib. Dəyişikliyə əsasən 20-50 metrlik sahil zolağının altında olan ərazilər dövlətin mülkiyyətində qalmaqla özəlləşdirilə bilməz. Yalnız yuxarı icra hakimiyyətinin qərarı ilə istifadəyə və ya icarəyə verilə bilər.

Sözügedən dəyişiklikdən sonra Xəzər sahilindəki ərazilərdə tikililərin və hasarlanmanın sayı xeyli artmağa başlayıb və məsələ Milli Məclisdə dəfələrlə müzakirə olunub. Bir neçə deputatın, eləcə də xalq artisti Zeynəb Xanlarovanın da sərt çıxışına səbəb olub. Xalq artisti sahil zolağındakı hasarlardan söz açaraq bildirib ki, dəniz xalqa məxsusdur, onu xalqdan almaq olmaz.

 “Qafqazinfo” prezidentin qanuna son dəyişikliyi və cəzaların sərtləşdirilməsindən sonra prosedurun necə olacağı, bu dəyişikliyə uyğun olaraq hansı addımların atılmalı olması haqda hüquqşünas rəyi öyrənib. Vəkil Aslan İsmayılov sayta açıqlamasında prezidentin sərəncamını müsbət qiymətləndirib: “Sərəncam imzalandığı gündən sonrakı dövrlərdə tətbiq olunur. Əvvəllər 314.1-ci maddə bir hissədən ibarət idi. İndi isə 2 hissəyə bölüblər və bir neçə bənd var. Bu, əlbəttə ki, çox yaxşı haldır. Ancaq çox heyif ki, mümkün olan bütün sahilboyu torpaqlar satılıb və qanunsuz tikililər həyata keçirilib. O qənaətə gələ bilərik ki, həmin qanunsuz tikililər əhalinin xeyli sayda etirazına səbəb olduğu üçün artıq qanunvericiliyə Xəzər dənizi ilə bağlı ayrıca bir bəndlər də əlavə edilib. Mən bununla bağlı 2 video hazırlamışdım və həmin videoları 500 mindən çox adam izləyib.

Bu sərəncamın başqa bir müsbət tərəfi də ondan ibarətdir ki, ərazidəki tikillilərin əksəriyyəti sənədsizdir və son dəyişikliklərdən sonra kiminsə həmin tikililərə sənəd verəcəyinə inanmıram. Belə olan halda da, rəsmiləşdirilməyən bütün tikililər söküləcək. Bakı şəhər İcra Hakimiyyəti, Nazirlər Kabineti yerli icra orqanlarından tələb etməlidir ki, qanunsuz tikililərin hamısı sökülsün”.

Hüquqsunas onu da bildirib ki, dünya praktikasında bu hal müşahidə olunmur: “Əgər dünya praktikasına nəzər salsaq, qonşuluqdakı Batumidən tumuş Rio De Jeneraya kimi bütün çimərliklər açıqdır. Bakıda isə dənizkənarı hissə hasarlarla sanki həbs olunub və sadə əhali oraya keçə bilmir. Buzovnada, Bilgəhdə, Pirşağıda ənənəvi çimərliklər var idi. Bunların hamısı özəlləşdirildiyi üçün hazırda əhali istifadə edə bilmir”.

Xatırladaq ki, bir neçə ay öncə vəkil Ramiz Zeynalov mediaya açıqlamasında maraqlı bir tarixçəyə toxunaraq Heydər Əliyevin Buzovnada çimərlik ərazisindəki kiçik bir qayalığı Müslüm Maqomayevə bağışladığını, ancaq bəstəkarın mənzərə korlanmasın deyə hər hansı bir tikinti aparmadığını qeyd edib: “Müslüm Maqomayev qayalıqlara, torpağa o qədər vurğun idi ki, mənzərə korlanmasın deyə bu müddət ərzində ərazidə heç bir tikinti işi gördürməyib. SSRi-nin xalq artistinin, demək olar ki, bütün televiziya çəkilişləri bu məkanda aparılıb. Buzovnanın bir bələdiyyə sədri var idi, Rahib Rzayev. O, həmin qayalıqların üstünü betonladı. Sonradan hansısa dövlət orqanının müdaxiləsindən sonra iş dayandırıldı”.

Xəzər sahilinin hasarlanmasını əks etdirən bir neçə foto təqdim edirik.

Günel Hacı