“Öz aramızda söhbət oldu, mən də bıçağı çıxarıb vurdum”

oz-aramizda-sohbet-oldu-men-de-bicagi-cixarib-vurdum
Oxunma sayı: 1552

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki dostunu bıçaqlamaqda təqsirləndirilən 1996-cı il təvəllüdlü İlkin Nəzərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun proisesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs və zərərçəkənlər ifadə verib.

Təqsirləndirilən İ.Nəzərov istintaqa verdiyi ifadəsini təsdiqləyib. O bildirib ki, hadisə heç nəyin üstündən düşüb: “Öz aramızda söhbət oldu, mən də bıçağı çıxarıb vurdum. Əvvəl Elçini vurdum, sonra Zəfər üstümə gəldi, onu da vurdum. Bütün bunlar sadəcə anlaşılmazlıq üzündən oldu. Davamız siqaret üstündə düşdü”.

İlkin Nəzərovun atası əvvəl məhkum olunub və bu yaxınlarda həbsdən çıxıb.

Məhkəmədə zərərçəkən 19 yaşlı Zəfər Əhmədli ifadə verib. Bildirib ki, İlkin onun sol qolunda və kürəyindən bıçaqla vurub: “Hadisə kafenin həyətində oldu. Lazım olmayan hərəkətlər etdik, səhv oldu. Heç nədən söhbət düşdü, sonra da böyüdü. Biz 4 nəfər oturmuşduq, pivə içirdik. Əvvəl Muradla İlkinin söhbəti düşdü, çölə çıxdılar ki, danışıb aydınlaşdırsınlar. Mən onları geri qaytardım. Sonra təkrar söhbət düşdü, hamımız çölə çıxdıq. Orda da dava oldu. İlkin əvvəl Elçini, sonra da məni vurdu”.

Z.Əhmədli bildirib ki, hazırda İ.Nəzərovdan şikayətçi deyil.

Hadisədə yaralan digər şəxs, 16 yaşlı Elçin də ifadə verib. O bildirib ki, həmin vaxt içkili olduğu üçün nə baş verdiyini xatırlamır. O da İlkin Nəzərovla barışdığını və şikayətçi olmadığını deyib.

Öncədən davanın düşməsinə səbəb olan, hazırda şahid kimi dindirilən 17 yaşlı Murad Sadıqov ifadəsində bildirib ki, zarafatın üstündə dava düşüb: “İlkin dedi çölə çıxaq, söhbət edək. Orda da dava düşdü”.

Məhkəmə istintaqı tamamlanıb, dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Məhkəmənin növbəti iclası sentyabrın 10-na təyin edilib.

Murad Əhməd