“Ora çatan kimi yaralandım” - Suriyada döyüşməkdə suçlanan azərbaycanlı

ora-catan-kimi-yaralandim-
Oxunma sayı: 1953

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriya ərzisində qanunsuz silahlı birləşmənin tərkibində iştirak etməkdə təqsirləndirilən Zöhrab Məmmədovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Qafqazinfo"nun Musavat.com-a istinadən məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Prosesdə çıxış edən Zöhrab Məmmədov elan edilən ittiham aktına görə özünü təqsirli bilmədiyini deyib.

“Mən Suriyada yaşayan türkmənlərin müdafiəsi üçün ora getmişəm. Suriyada heç bir qruplaşmanın tərkibində təlim keçməmişəm, döyüşməmişəm. Silahım belə, olmayıb” - deyə o, bildirib.

Z.Məmmədov Suriyaya çatan kimi mühasirəyə alındıqlarını və yaralandığını deyib: “Suriyaya çatan kimi mühasirəyə alındıq. Göz, bədən və ayaq nahiyyəsindən güllə yaraları aldım. Heç bir döyüşdə iştirak etməmişəm”.

Məhkəmənin növbəti iclası sentyabrın 6-na təyin edilib.

Qeyd edək ki, bu il fevral ayının 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, qurumun əməkdaşları tərəfindən həyata keçirilmiş son istintaq-əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə, onları döyüş sursatı və əsgəri ləvazimatla təchiz etmə, dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda hərbi təlimlər keçmə, silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərin törədilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - Adiyev Orxan Mehdi oğlu, Muxtarov İbad Abbasəli oğlu, Abdullayev Məhəbbət Şərif oğlu, Bədəlov Rasim Asəf oğlu, Əzizov İlahi Rəşaq oğlu, Məmmədov Zöhrab Mübariz oğlu, Abdullazadə Zərbəli İsgəndər oğlu və Marfin Vladimir Yevqeniyeviç saxlanılıblar.

Müəyyən edilib ki, Orxan Adiyev, İbad Muxtarov, Məhəbbət Abdullayev, Rasim Bədəlov, İlahi Əzizov, Zöhrab Məmmədov, Zərbəli Abdullazadə və Vladimir Marfin 2012-2015-ci illər ərzində qeyri-qanuni yollarla Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisinə keçiblər.

Onlar həmin dövlətlərin ərazisində qanunsuz fəaliyyət göstərən İŞİD və digər terrorçu təşkilatların, eləcə də başqa qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahlardan istifadə təcrübəsinə yiyələniblər. Təlimlər başa çatdıqdan sonra onlar Suriya və İraq ərazisində sabit terrorçu və digər qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda və döyüşlərdə iştirak ediblər.

Z.Məmmədov Suriya ərazisindəki "Mühacir Ansar", İ.Muxtarov isə İraqdakı "Muvahid camaatı" adlı qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda fəal iştirak edib və bu zaman yaralanaraq, müxtəlif bədən xəsarətləri alıblar.