“Ona görə bir möhtərəm adam zəng etdi, mən də nazirə müraciət etdim”

ona-gore-bir-mohterem-adam-zeng-etdi-men-de-nazire-muraciet-etdim
Oxunma sayı: 2221

Gəncə Ağır Cinayətlər Məhkəməsində Müəllimlər İnstitutunun bağlanan Gəncə filialınının sabiq direktoru Ramiz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Zabil Qasımovun icraatında olan prosesdə zərərçəkmişlər dindirilib.

İdris Əliyev ifadə verərək bildirib ki, övladının instituta qəbul etdirilməsi üçün R.Məmmədova 16 min manat pul verib, lakin direktor vədinə əməl etməyib və pulu da geri qaytarmayıb: “Bizi aldadıb, əgər pulu qaytarmırsa, həbs edilsin”.

R.Məmmədova isə İ.Əliyevdən pul almadığını deyib: “O özü yaxşı bilir pulu kimə verib. O, bir dəfə mənim yanıma gəlmişdi, geri qaytardım. Sonra buna görə bir möhtərəm adam mənə zəng etdi, mən də nazirə müraciət etdim. Sonra da nə oldu, bilmədim”.

Mahir Həsənov da R.Məmmədov tərəfindən aldadıldığını, 7250 manatını alıb qaytarmadığını deyib: “Məndən 11 min 250 manat almışdı, istintaqda Ramiz Məmmədov 4 min qaytardı”.

R.Məmmədov isə M.Həsənovun yalan danışdığını, ona şər atdığını deyib. Hakim bildirib ki, 650 nəfər zərərçəkmişə dəyən ümumi ziyan 922 min 660 manatdır. R.Məmmədov ittihamda qeyd edilən məbləği qəbul etmir.

Zamində olan R.Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilməsi haqda vəsatətə məhkəmənin növbəti iclasında baxılacağı bildirilib. Hakim təqsirləndirilən Ramiz Məmmədova növbəti iclasa kimi dəyən zərəri ödəməyi təklif edib.

Növbəti iclas fevralın 17-nə təyin edilib.

Qeyd edək ki, Müəllimlər İnstitutun Gəncə filialında aşkarlanan saxta diplomların hər birində sabiq rektor, millət vəkili Aqiyə Naxçıvanlının imzası olub. A.Naxçıvanlı uzun illərdir institutun filiallarında bu tipli saxtakarlıqlara yol verilməsindən xəbərdar olduğunu və buna görə də dəfələrlə daxili yoxlamalar aparıldığını etiraf edib. Ramiz Məmmədov 2000-ci ildən Gəncə filialının rektoru olub və 2013-cü ildə Təhsil Nazirliyinin yoxlaması nəticəsində işdən azad olunub. Bağlanan təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunub. Ramiz Məmmədov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (külli miqdarda dələduzluq) maddələri ilə təqsirləndirilir.

Murad Əhməd