Oğurluq edən polis azadlığa buraxıldı - Məhkəmə zalından

ogurluq-eden-polis-azadliga-buraxildi-
Oxunma sayı: 3153

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Xəyal Ələkbərov, Nicat Ələkbərov və Elvin Mənsimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Təqsirləndirilən şəxslər 2014-cü ilin aprelin 13-də Arif Yunisovun evindən qızıl oğurlayıblar.

Hökmə əsasən Nicat Ələkbərov 3500 manat məbləğində cərimə olunub, haqqında başqa yerə getməmək barədə qərar çıxarılıb.

Xəyal Ələkbərovun barəsində olan həbs-qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqda qərar verilib. X.Ələkbərov 3500 manat məbləğində cərimə olunub. Onun 10 ay müddətinə həbsdə qalması nəzərə alınaraq cəzası 3 min manata endirilib və məhkəmə zalından azadlığa buraxılıb.

Elvin Mənsimov isə 4 il müddətinə azadlıqdan məhrum edilib. O bununla yanaşı 1810 manat cərimə olunub.

N.Ələkbərov Cinayət Məcəlləsinin 177-ci (oğurluq), X.Ələkbərov və E.Mənsimov 177 və 32-ci (cinayətin törədilməsinə məsləhət vermək ) maddələri ilə təqsirləndiriliblər.

E.Mənsimov atası hökmdən narazı olduğunu bildirib. Nurəli Mənsimov "Qafqazinfo"ya açıqlamasında oğlunun haqsız yerə həbs olunduğunu deyib: "Xəyal polisdi deyə açıb buraxdılar. O 37-ci bölmənin işçisidi. Bizim ev bölmənin həyətindədi. Xəyal 1 il əvvəl gəlib məhlədə Elvindən qonşumuzun evində niyə işıq yanmadığını soruşub. Elvin də deyib evdə yoxdular, Türkiyəyə gediblər. Xəyal da əmisi oğlu Nicatla başqa 3 nəfəri qonşunun evinə oğurluğa göndərib. Həmin 3 nəfər pulunu verib polisdən buraxıldılar. Elvin oğurluqda iştirak etməyib, sadəcə dövlət qulluqçusuna məlumat verib. Sonra Nicat da Xətai rayon məhkəməsindən buraxıldı. Xəyalı da bu gün buraxdılar. Amma mənim oğluma 4 il həbs verdilər. Pulu Nicat oğurlamışdı, qızılları da gətirib qaytardı, hər şeyi boynuna aldı. Xəyal özü oğurluqda iştirak etməyib, amma onları göndərib. Biz qərardan apellyasiya şikayəti verəcəyik".

Xətai Rayon Polis Idarəsi 37-ci Polis Bölməsindən "Qafqazinfo"ya bildirilib ki, serjant Xəyal Ələkbərov həmin bölmədə yox, Xətai RPI-də Post Patrul Xidmətinin işçisi olub.

Murad Əhməd