“Oğlumu o qədər döymüşdülər ki, tanıya bilmədim”

oglumu-o-qeder-doymusduler-ki-taniya-bilmedim
Oxunma sayı: 8086

Bu ilin aprelin 22-də “Avropa” otelində “Zaminbank”ın Nəsimi filialının müdiri Azər Məmmədovu öldürməkdə təqsirləndirilən Sənan Quliyev və Mövlud Səfərovun valideynləri oğlanlarına verilən ittihamın ağırlığından şikayətçidirlər. 

S.Quliyevin anası Rəhilə Quliyeva “Qafqazinfo”ya müraciətində bidlirib ki, oğlunun adam öldürmək niyyəti olmayıb, sadəcə özünü qoruyub: “Mən öncə Azərin anasından üzrxahlıq edirəm. Mən onlara getməkdən çəkindim, ona görə gedə bilmədim. 2-3 dəfə istədim gedəm, dedilər sizi qovacaqlar. Uşaq dedi ki, məşqə getmək istəyirəm. Mən dedim ki, bu ay getmə, imkanımız yoxdu. Dedi özümdə pul var, 30 manatım çatmır. Razılaşdıq, qardaşı pulu tapıb verdi, onlar da getdilər. Hadisə olandan sonra biz getdik Sənangilin yanına, o özü mənə danışdı. Dedi ki, “ana, “krosovka” ilə girdim, dedilər salafan kulok geyin, mən də dedim baş üstə, istədiklərini etdim. Biz ordan çıxanda Mövludun açarı qalmışdı, getdi ki onu götürsün. Ayağında da ağ şəpit vardı, ona görə bizə ilişdilər.

Ordakı Ruslan müəllim bunları kobudcasına təhqir edib, bu da deyib özünsən. Başqa söhbətlər də olub. Sənan deyirdi ki, “mən Mövludgilə yaxınlaşanda bir nəfər çıxıb nətəhər vurdusa, özümü itirdim, kresloya yıxıldım. Mən qapının ağzında idim, onlar üstümə gəlirdi, özümü qorumaq üçün məcbur olub bıçağı əlimdə oynada-oynada üstülərinə getdim. Amma yenə də dala çəkilmirdilər. Dava vaxtı heç kim də bizi ayırmadı”.
Anası deyir ki, Sənanı o qədər döymüşdülər ki, oğlunu oğlumu tanıya bilməyib: “Gözləri tutulmuşdu. Onla görüşəndə məni görmürdü. Burnu da iki yerdən sınmışdı. Sənan son aylar kökəlmişdi deyə tez-tez meyvə yeyirdi. Məşqə də ona görə getmişdi. Meyvə yediyi üçün də özü ilə bıçaqla götürürdü. Məşqdən çıxanda meyvə alıb yeyirmişlər. Sənan döyüləndən sonra qaçıb, Mövluda da deyib ki, dur qaç. Mövlud onda Sənandan incimişdi ki, məni burda döyürlər, sən qaçırsan. O sonradan Sənanın bıçaqla vurduğunu bilmişdi. Mən demirəm ki, oğlum günahsızdı, Sənan günahkardı, amma cəzanı da günahına uyğun versinlər. Gətirib videoların hamısını bizə versinlər”.

Mövlud Səfərovun anası Mənsurə Səfərova isə “Qafqazinfo”ya müraciətində deyib ki, oğlunun ittiham olunduğu maddə vəzifəli şəxsin təsiri ilə ağırlaşdırılıb: “Hadisə günü Mövludla Sənan məşqə gedəndən sonra gəldilər, çox həyəcanlı idilər. Uşaqlar otağa keçdi, yoldaşım da yanlarına getdi. Gəlib dedi ki, ay Mənsurə, Sənanı nə günə qoyublar?! Biz sonradan bildik ki, Mövludun heç nədən xəbəri olmayıb. O sonradan bilib. Hadisənin günahkarı müəllim var, Ruslan, odur. Videoların hamısını versinlər baxaq, biz baxa bilməmişik. Amma Mövludun dostu polisdə baxıb, deyirdi ki, onun heç bir günahı olmayıb. Videonu versinlər, hər şey aydın olacaq. Orada Mövludu döyüblər, həmin vaxt Sənan əlində bıçağı havada yelləyib. Mövlud orada sadəcə döyülüb, başqa heç nə.

Onu əvvəl xuliqanlıqda ittiham etmişdilər, sonra onu götürüb ölüm işi veriblər. Rəhmətlik Azərin bibisi Milli Məclisin şöbə müdiridi, Adilə Abbasova. Bu maddələrin dəyişdirilməsi onun təsiri ilə olub. İndi hadisədir baş verib, oğlumun ölümdə günahı olmasa da, bir oğul ölüb. Bunlar da cəzasını almalıdır, amma layiq olduğu cəza verilsin. Günahları nədirsə, ona uyğun da cəzalandırsınlar”.
Qeyd edək ki, hazırda cinayət işi məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir.

Murad Əhməd