Oğlu İlhaməni təkzib etdi - Yenilənib

oglu-ilhameni-tekzib-etdi
Oxunma sayı: 11849

Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun adının cinayət işində hallanmasının bəzi detalları məlum olub.

“Qafqazinfo” xəbər verir ki, aznews.az-a daxil olan məlumata görə, fakt üzrə açılan cinayət işinə görə O.Nadirov artıq Binəqədi Prokurorluğuna çağırılaraq ifadəsi alınıb.

Məlumata görə, O.Nadirovun da adının keçdiyi cinayət işi Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Mehman Ələkbərovun icraatındadır.

Binəqədi rayon prokurorunun köməkçisi Fəridə Bayramova AzNews.az-a açıqlamasında İlhamə Quliyevanın oğlunun adının cinayət işində hallanması faktını təsdiqləyib: “Orxan Nadirovun adı başqa bir cinayət işində hallanır. Adı hallanan cinayət işiylə bağlı O.Nadirov çağırılıb və dindirilib”.

Xatırladaq ki, dünən sayt Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova cinayət işi açılması ilə bağlı məlumat yayıb. Məlumata görə, Binəqədi rayon Polis İdarəsində açılan cinayət işində o, 2 nəfərə qarşı dələduzluqda ittiham olunur.

Onu da bildirək ki, O.Nadirovun dostu Vüqar Bəkirov barəsində də cinayət işi açılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə həbs qətimkan tədbiri seçilib.

***

Xalq artisti İlhamə Quliyevanın adı cinayət işində hallanan oğlu Orxan Nadirov qaranlıq qalan məqamlara aydınlıq gətirib.

AzNews.az-la əlaqə saxlayan O.Nadirov sözügedən cinayət işində, təqsirli olmadığını, yalnız şahid qismində iştirak etdiyini bildirib:

“Kiminsə adı cinayət işində hallanırsa, bu, o demək deyil ki, həmin adam cinayətkardır.

Əgər qaranlıq qalan məqamlar varsa, onu deyim ki, hazırda o cinayət işində heç kimin cinayəti sübuta yetirilməyib. O işə görə heç kim cinayət məsuliyyətinə cəlb edilməyib.

Bundan əlavə mənim adım sözügedən cinayət hadisəsində şahid qismində keçir. Nə məndən şikayət edən var, nə mənim barəmdə cinayət işi qaldıran. O ki, qaldı Vüqar Bəkirova, o, başqa cinayət əməlinə görə həbs edilib. Onun bu cinayət hadisəsinə heç bir aidiyyəti yoxdur. Bu cinayət əməlində hələ heç kim təqsirli şəxs qismində tanınmayıb”.

Cinayət işinin nə ilə bağlı açılması sualına isə O.Nadirovun cavabı belə olub:

“O hər nə cinayət işidirsə, cinayət əməli sübuta yetiriləndən sonra istintaq orqanları açıqlama verəcək”.

O.Nadirov bir müddət əvvəl Heydər Əliyev adına Hava Limanında da məhz bu cinayət işi bağlı saxlanıldığını təsdiqləyib:

“Yenə də deyirəm mən həmin cinayət işində yalnız şahid kimi keçirəm. Həmin vaxt saxlanılmağım və polisə aparılmağım da bununla bağlı idi”.

Xatırladaq ki, bir müddət əvvəl Orxan Nadirovla dostu Vüqar Bəkirovun Hava Limanında saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verildiyi ilə bağlı məlumat yayılmışdı.

Lakin Xalq artisti İ.Quliyeva məlumatları təkzib etmişdi:

“Orxan evdədir, dostu da onun yanında. Bu məlumat yalnışdır. Kürdəxanıda oturan qulluqçunun adamları bu xəbərləri yayır".