O videonu dostum mənə göndərdi...

o-videonu-dostum-mene-gonderdi
Oxunma sayı: 2450

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərini avtobusla vurmaqda təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, Xidmətin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov və "Təhlükəsiz Şəhər Xidməti"nin operatoru Elçin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Hadisə zamanı qəza törədən avtobusun içində olan polis əməkdaşı Elbrus Quliyev ifadə verib. O bildirib ki, Sumqayıt şəhər polis idarəsinin Post Patrul Xidmətinin əməkdaşıdır: "Bizə avtobusun içindəki idmançıların təhlükəsizliyi qorumaq tapşırılmışdı. Hadisə günü idmançıları Atletlər kəndindən məşq edəcəkləri yerə aparırdıq. Bir dəfə gedib qayıtdıq, heç bir şey olmadı, avtobus da nasazlıq yox idi. İkinci reysə başlayanda avtobus yerindən ləngər vura-vura tərpəndi. Bir az gedəndən sonra sürət öz-özündən artmağa başladı. Elə avtobus ləngərləyəndə avtobusun içindəki ukraynalı idmançılar narazılıq etməyə başladılar. Sürət artanda artıq idmançılar qışqırmağa başladılar. Mən də sürücüyə dedim ki, saxla. O mənə cavab vermədi, amma gördüm ki, ayağı ilə nəyəsə basır. Yəqin ki, saxlamaq istəyirdi. Orada 5 km/saat sürətlə ancaq dönmək olurdu, amma təxminən 40 sürətlə döndü. Sağda da, solda da adamlar vardı, divara vura bilərdi".

Şahid qismində Həmid Həmidov, Samir Məmmədov, Piri Musayev, Vüsal Məmmədov, Samir Ağasıyev, Kamran Əhmədov da ifadə verib.

Jurnalist H.Həmidov çalışdığı saytın emailinə hadisə anının videogörüntüsünün gəldiyini və saytda yayımladığını deyib. O deyib ki, videonun kim tərəfindən göndərildiyini bilməyib.

S.Məmmədov deyib ki, videonu H.Həmidova özü göndərib: "Mənə də iş yoldaşım Vüsal Məmmədov göndərmişdi".

P.Musayev hadisə anının videogörüntüsünü Ramin adlı otaq yoldaşı vatsap vasitəsi ilə ona göndərdiyini deyib: "Mən də həmin videonu dostum Fariz Salmanova göndərdim. Məqsədim həmin görüntüyə dostumun da baxması olub".

V.Məmmədov və digər şahidlər də ifadəsində həmin görüntünü dostlarının onlara vatsapla göndərdiyini bildirib.

Məhkəmənin növbəti iclası mayın 20-nə təyin edilib.

Qeyd edək ki, 2015-ci il iyun ayının 11-də, I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Hadisədən sonra avtobusun sürücüsü V.Əhmədov, Nəqliyyat Nazirliyi nin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi H.Salamov və "Təhlükəsiz şəhər” kamerasının operatoru E.Həsənov adlı şəxs tutulub.

NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi F.Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb. V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Murad Əhməd