Nardaranda yenidən aksiya - Əllərində daş, armatur...

nardaranda-yeniden-aksiya-
Oxunma sayı: 15411

Bu gün səhər saatlarından başlayaraq Nardaran sakinləri Maştağa qəsəbəsindən Nardaran istiqamətində gedən yolu bağlayıblar.

“Qafqazinfo” xəbər verir ki, Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, aksiya iştirakçılarının əllərində dəmir armaturlar, daş parçaları var. Onlar meyitlərin qaytarılmasını tələb edirlər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də ağır zirehli texnika cəlb olunub.

***

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun müsavat.com-a verdiyi məlumata görə, hazırda Nardaranda sakinlərin evdən çıxmasına qadağa qoyulub.

"Hazırda kənddə Daxili Qoşunların, Daxili İşlər Nazirliyinin xeyli sayda qüvvəsi var. Evlərdən çıxmağa icazə verilmir. Telefon şəbəkəsi demək olar ki, çöküb. Bizə heç bir məlumat verilmir"- deyə N.Kərimov bildirib.

Cənazələrin kəndə gətirilib-gətirilməməsindən xəbərsiz olduğunu deyən N.Kərimov qeyd edib ki, heç kimlə əlaqə də saxlaya bilmirlər: "Deyəsən, cənazələri gətirib özləri dəfn etmək istəyirlər. Amma dəqiq bilmirik. Kənd ağsaqqallarından bəzilərini də çağırıb deyiblər ki, silah varsa, verin. Kəndə gələn yollar da bağlıdır".