Nardaranda tutulanlar barədə qərar verildi

nardaranda-tutulanlar-barede-qerar-verildi
Oxunma sayı: 6512

Nardaran hadisələrinə görə saxlanılan 14 nəfər barəsində dünən həbs qətimkan tədbiri seçilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ans press-ə hüquq-mühafizə orqanlarından məlumat veriblər. Məlumata görə, onlar barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Noyabrın 26-da Nardaranda həyata keçirilən əməliyyat zamanı həbs olunan şəxslərə qarşı artıq ittihamlar irəli sürülüb. Saxlanılan şəxslər Cinayət Məcəlləsinin bir çox maddəsi ilə ittiham olunur.

İttiham irəli sürülən maddələr bunlardır:

120.2.1 – Qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;

120.2.3. – Zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə;

120.2.7. – İki və ya daha çox şəxsi öldürmə;

214.2.1. – Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;

214.2.3. – Odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə;

220.2. – Kütləvi iğtişas, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə;

228.3. – Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə;

233. – İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə və sairə.

Xatırladaq ki, Nardaranda baş verən atışma ilə bağlı 4 yerli sakinin və 2 polis əməkdaşının həyatını itirməsi ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluq məlumat yayıb.