Nardaranda həbs olunanlar 18 maddə ilə ittiham oluna bilərlər

nardaranda-hebs-olunanlar-18-madde-ile-ittiham-oluna-bilerler-
Oxunma sayı: 7035

Ölkə gündəmini zəbt edən Nardaran hadisələri ilə bağlı yeni xəbər var.

“Qafqazinfo” xəbər verir ki, dünən DİN-in keçirdiyi əməliyyat zamanı həbs edilən kənd sakinlərinin hansı maddə ilə ittiham olunduqları məlum olub. Bu barədə vəkil Cavad Cavadov məlumat yayıb:

“Noyabrın 26-da hüquq-mühafizə orqanlarının Bakının Nardaran kəndində keçirdiyi əməliyyat nəticəsində həbs olunanlara qarşı CM-nin 120.2.1(qəsdən adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə),120.2.11(quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə), 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törətmək), 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törətmək), 214-2 (terrorçuluq), 220.2 (Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 228.3, 228.4 (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279.3(Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar), 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 315.2 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi açılıb”.

Xatırladaq ki, dünənki əməliyyat zamanı Nardaranda 2-si polis olmaqla, 6 nəfər vəfat etmişdi. Rəsmi məlumata görə, kənd sakinləri şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə "Müsəlman birliyi" adlı hərəkat yaradıblar. Və atışma baş verən evdə də məhz həmin birliyin yığıncaqları keçirilirmiş.

***

Vəkil Cavad Cavadov Trend-ə bildirib ki, sosial şəbəkədəki səhifəsində yazdığı maddələr ehtimaldır. Məsələ ilə bağlı hələ ki, rəsmi şəkildə maddələr elan olunmayıb.