Nardaran işi ilə bağlı məhkəmədə şahidlər ifadə verdi

nardaran-isi-ile-bagli-mehkemede-sahidler-ifade-verdi
Oxunma sayı: 836

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran hadisələri"nə görə təqsirləndirilən Taleh Bağırov, Fuad Qəhrəmanlı və digər 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin dindirilməsi davam etdirilib.

Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Fərid Səlimov ifadə verib. O, deyib ki, ötən il noyabrın 5-də şəhərdə olarkən həyacan siqnalı verildiyi üçün idarəyə gəliblər: "Orada bir qrup şəxsin yığışıb idarənin binasına daş atırdılar. Mən xəsarət almamışam. Müstəntiqə ifadə verməmişəm, sadəcə hazır ifadəyə qol çəkmişəm".

Onun həmkarı Samir Əzimov da oxşar ifadə verib. Vəkillər hər iki şəxsin barəsində şahidlik statusuna xitam verilməsi barədə vəsatət veriblər, baxılmamış saxlanılıb.

Proses günün ikinci yarısında davam etdiriləcək.

***

Fasilədən sonra proses davam etdirilib.

Hakim bildirib ki, digər şahidlər iclasa gəlmədiyi üçün proses təxirə salınır. Həmin şəxslərin məhkəməyə məcburi gətirilməsi barəsində qərar çıxarılıb.

Məhkəmə prosesi oktyabrın 26-da davam etdiriləcək.

Murad Əhməd