“MTN-dən zəng gəldi ki, 300 mindən 200 dollar əskikdi”

mtn-den-zeng-geldi-ki-300-minden-200-dollar-eskikdi
Oxunma sayı: 10584

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət əməllərinin ifşası davam edir.

Qafqazinfo”nun cinayət işinin materiallarından əldə etdiyi məlumata görə, ikinci dəstənin hədə-qorxu gələrək xərac aldığı şəxslərin əksəriyyəti qızıl-zinət mallarının satışı ilə məşğul olan şəxslər və zərgərlər olub.

Onlardan biri də, Yasamal rayonunda yerləşən “Remtoçmex” deyilən müəssisədə zərgərlik məmulatları üzrə usta işləyən Rauf Həsənovdur.

R.Həsənov istintaqa ifadəsində deyib ki, 1995-ci ildən Dubaydan və Türkiyədən qızıl-zinət əşyalarını alıb Bakıya gətirərək satışını həyata keçirib: “Həm də Səbail rayonunda Tərlan Əliyarbəyov küçəsində köhnə binanın yarımzirzəmisində balaca bir zərgərlik məmulatlarının emalatxanasını da açmışdım. Təxminən 2010-ci ilin əvvəlində zərgər yoldaşlarımdan eşitdim ki, Milli Təhlükəsizlik Nazirliyində rəhbər vəzifədə işləyən Füzuli Əliyev (MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini) vasitəsilə həmin nazirliyin rəhbərliyi bu sahəni inhisara götürüb və bu işə nəzarət onlara tapşırılıb. Təxminən yaz-yay aylarında özünü MTN-nin əməkdaşı Füzuli Əliyev kimi təqdim edən şəxs 050-211-18-58 saylı mobil telefon nömrəsi ilə mənə zəng edərək metronun “20 Yanvar” stansiyasına gəlməyimi dedi. Həmin yerdə görüşdük, mənə hədə-qorxu gələrək qızıl qaçaqmalçılığı ilə məşğul olduğumu və məni həbs edəcəyini deyib sabah MTN-nə gəlməyimi tələb etdi. Ertəsi gün günortadan sonra nazirliyə getdim. Füzuli Əliyev məni qarşılayaraq binada girişdə turkiketə çatmamış sağ tərəfdə olan qapıdan komendaturanın ikinci mərtəbəsinə qaldırdı. Orada dəhlizdə divan-kreslolar var, sol tərəfdə kabinetlər yerləşir. Soldakı kabinetlərdən birində tək söhbət etdik, məni xaricdən qaçaqmalçılıq yolu ilə ölkəyə brilyant gətirməkdə təqsirləndirərək, buna görə həbs olunacağımı dedi. Mən təkzib etdim, telefonlarımı dinlədiklərini dedi. Həqiqətən də 10 gün əvvəl Dubaydan özümə “Land Cruiser” markalı maşım almışdım. Ordan gələndən sonra bir nəfər mənə zəng edib Dubaydan brilyant daşları göndərdiyini dedi. Buna görə Füzuli Əliyev məndən 100 min dollar tələb etdi. Qorxduğum üçün pulu verəcəyimi dedim. Bundan sonra məni evə buraxdı. Amma pulu tapa bilmədim. İki-üç həftə sonra qohumumun dəfn mərasimindən ofisə qayıdırdım, sexin qabağında maşından düşən kimi bir nəfər mənim qarşımı kəsib telefonumu və açarları istədi. Kim olduğunu soruşdum, MTN-in Səbail rayon şöbəsinə getməli olduğumuzu dedi. Qorxduğum üçün açarları verdim, məni ora apardı. Oradan isə nazirliyə apardılar. Füzuli Əliyev və işçiləri məni Yasin adlı müstəntiqin yanına apardılar. Yasin mənə sənəd verib həbs olunduğumu dedi. Buraxılmağım üçün 500 min dollar istədi. Mən günahsız olduğumu, o məbləğdə pulumun olmadığını dedim. Yasin pulun məbləğini 600 minə qaldırdı. Bir neçə saat saxlanıldıqdan sonra Yasin dedi ki, rəisi 300 min dollara razı salıb. O mənə dedi ki, evimdə axtarış aparılacaq. Anamın ağır xəstə olduğunu deyib bunu etməmələrini xahiş etdim, razılaşdı. Dedi ki, səhər banklar açılan kimi 300 min dollar kredit götürüb onlara verim. Qorxduğum üçün razılaşdım, məni buraxdılar. Həmin gecə bütün qohumlarımdan və dostlarımdan xırda-para 300 min dollar topladım. Pulun bir hissəsini anam qohumlardan almışdı, bu hadisədən sonra rəhmətə getdi. Pulu alandan sonra Yasinə zəng etdim, MTN-in yanındakı Mərkəzi Klinik Xəstəxanasının yanında görüş təyin etdi. Ora gələndə Füzuli Əliyevin orada olduğunu gördüm, o gəlib maşınımın qabaq oturacağında oturdu. Yasin çöldə gözləyirdi. 300 min dollar məbləğində amma manatla olan pulları sayıb Füzuliyə verdim. O sellofanda olan pulları götürüb bu barədə heç kimə heç nə deməməyimi tələb etdi. Mən evə çatanda Yasin zəng edib puldan 200 dollar əksik olduğunu dedi. Yenidən həmin yerə gedib Yasinə 200 dollar verdim”.

Rauf Həsənov bu hadisədən sonra maddi vəziyyətinin ağırlaşdığını, hələ də borclarımı ödəyib qurtara bilmədiyini, məcbur olaraq maşınını satdığını, VTB bankdan 90 min dollar, “Para Bank”dan 50 min dollar kredit götürdüyünü deyib.

Murad Əhməd