Milli Təhlükəsizlik Nazirliyinin - “Qızıl” əməliyyatı

milli-tehlukesizlik-nazirliyinin-qizil-emeliyyati-
Oxunma sayı: 1828





Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində dövlətin qanunla qorunan hüquq və mənafelərinə külli miqdarda ziyan vurulmasının qarşısı alınmış, Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Gədəbəy qızıl-mis emalı zavodundan qiymətli metalı oğurlamaqda təqsirli bilinən şəxslər yaxalanmışlar. Nazirliyin ictimaiyyətlə əlaqə mərkəzindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycan Respublikasının vətəndaşları Səmədov Natiq Nəriman oğlu, Heydarov Valeh Şahmar oğlu, Haqverdiyev Vüqar Abbasəli oğlu, Musayev Zaman Həsən oğlu və Sadıqov İqbal İbrahim oğlu qabaqcadan əlbir olaraq bir qrup şəxs halında Gədəbəy rayonunda yerləşən Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin qızıl-mis emalı zavodundan tərkibində 368 qram təmiz qızıl olan 920 qram çəkidə xam qızılı oğurlamışlar. Müəyyən edilmişdir ki, Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Gədəbəy qızıl-mis emalı zavodunda işləyən Zaman Musayev və İqbal Sadıqov qrupun digər üzvləri Vüqar Haqverdiyev, Natiq Səmədov və Valeh Heydarovla birlikdə həmin zavoddan xam qızılın oğurlanması, sonradan onun emal edilərək satılması və əldə edilmiş qazancın öz aralarında bölüşdürülməsi barədə razılığa gəlmişlər.

Qrup üzvləri arasında əvvəlcədən müəyyən olunmuş vəzifə bölgüsünə əsasən, Zaman Musayev və İqbal Sadıqov həmin zavoddan 1 kiloqrama yaxın xam qızılı oğurlayaraq Vüqar Haqverdiyev və Natiq Səmədovun vasitəsilə Valeh Heydarova çatdırmışlar. Valeh Heydarov da həmin qızılı satmaq məqsədilə Bakı şəhərinə apararkən saxlanılmış, onun üzərinə və şəxsi əşyalarına keçirilmiş baxış zamanı sonuncuya məxsus çantanın içərisindən 920 qram xam qızıl aşkar olunaraq götürülmüşdür. Valeh Heydarovun Bakı şəhərində yaşadığı mənzilə keçirilmiş baxış nəticəsində tərkibindən qızıl əldə edilməsi nəzərdə tutulan mikrosxemlər, xam qızılın emalı üçün nəzərdə tutulan turşu məhlulu və qaynaq lampası aşkarlanmışdır.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda ziyan vurmaqla gizli olaraq talamaqla oğurluq) maddəsi ilə cinayət işi başlanılmış, adları cəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi üzrə bütün halların araşdırılması üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir.