“Kim nə axtarırdı, onu da tapdı” - “Lotu Quli”dən cavab gəldi

kim-ne-axtarirdi-onu-da-tapdi
Oxunma sayı: 9050

“İndiyədək “Quli” mənə zəhərlənməsi təhlükəsiylə bağlı məlumat verməyib. Düzdür, bəzən onun həyatına təhlükə olub, bir sıra təhdidlər barədə də eşitmişik. Ancaq konkret zəhərləməklə bağlı aramızda söhbət olmayıb”.

Qafqazinfo” xəbər verir ki, bunu Lent.az-a açıqlamasında hazırda Qobustan həbsxanasında cəza çəkən kriminal aləmin tanınmış nümayəndəsi, “Lotu Quli” ləqəbli Nadir Səlifovun vəkili Təranə Əliyeva bildirib.

Vəkilin sözlərinə görə, o, “Quli” ilə görüşüb: “Qan təzyiqindən əziyyət çəkir. Amma ümumilikdə səhhəti normaldı. Ona son yazılanlarla bağlı danışdım. Cavabı konkret oldu. Mənə dedi ki, kim nə axtarırdı, onu da tapdı”.

“Lotu Quli” ifadəsinə şərh vermək istəməyib.

Qeyd edək ki, dünən virtualaz.org saytında “Rövşən Lənkəranski”nin İlqar adlı killerinin “Lotu Quli”yə sui-qəsd hazırlamasıyla bağlı material yayımlanıb. İddiaya görə, hadisələr 2009-cu ildə cərəyan edib. Məlumatda deyilir ki, “Lotu Quli”nin o vaxt cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsində öldürülməsi planını “Rövşən Lənkəranski”nin klanına daxil olan İlqar adlı şəxs hazırlayıb və o, “Lotu Quli” ilə eyni həbsxanada cəza çəkən Hikmət Muxtarovla hansısa yolla yaxın münasibət qurub. Daha sonra “Lotu Quli”ni həbsxanada öldürmək üçün inanılmış adam tapdığını “Rövşən Lənkəranski”yə çatdırıb. Sonuncu bu təkliflə razılaşıb və məsələnin həllini İlqara həvalə edib. Plan baş tutsaydı, Hikmət Muxtarov bunun müqabilində 500 min dollar alacaqdı. Amma plan baş tutmayıb, çox güman ki, “Lotu Quli”nin həbsxanada ona sui-qəsd hazırlanmasından xəbəri olub və zəhərləmə əməliyyatı alınmayıb.