İtkin düşən kişi tapıldı - 9 gün su ilə fındıq yeyib...

itkin-dusen-kisi-tapildi
Oxunma sayı: 2588

 

"Qafqazinfo" xəbər verir ki, Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqust ayının 28-i tarixindən Böyük Qafqaz sıra dağlarının Zaqatala rayonu ərazisindən keçən hissəsində itkin düşən, 1947-ci ildə Zaqatala rayonunun Mazıx kəndində doğulmuş, hazırda Bakı şəhərinin Xətai rayonunda qeydiyyatda olan Şamil Əliyev Zaqatala Polis Şöbəsinin və Mazıx kənd sakinlərinin birgə apardıqları axtarışlar nəticəsində sentyabrın 6-da yüksək dağlıq-meşəlik ərazidə sağ-salamat tapılaraq Zaqatalada yaşayan yaxın qohumlarına təhvil verilib. İlkin araşdırma zamanı məlum olub ki, Ş. Əliyev geri qayıdarkən yolu azıb. O, dağlıq-meşəlik ərazidə 9 gün yalnız su və meşə fındığı ilə qidalanıb. Bu səbəbdən 68 yaşlı Ş. Əliyevdə ümumi zəiflik, halsızlıq və əsəb gərginliyi yaranıb. Həkim müayinəsindən keçən Ş. Əliyev hazırda Zaqatala şəhərində yaşayan bacısının evində müalicə alır. 

Qeyd edək ki, Ş. Əliyev avqust ayının ortalarında Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu ərazisindən keçən hissəsində, “Şamilovka” adlanan yüksək dağlıq ərazidə yerləşən yaylağa gəzməyə gedib. Yaylaqda çobanların yanında 13 gün qaldıqdan sonra o, avqustun 28-də Zaqatalanın Mazıx kəndinə geri qayıdarkən yolu azıb və itkin düşüb. 

“Qafqazinfo”