İlqar Əliyevin ölümü ilə bağlı cinayət işi nə yerdədir?

ilqar-eliyevin-olumu-ile-bagli-cinayet-isi-ne-yerdedir
Oxunma sayı: 3225

Baş Prokurorluq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinni sabiq polkovniki İlqar Əliyevin ölümü ilə bağlı açılmış cinayət işi barədə açıqlama verib.

Qafqazinfo”nun Bizimyol.info-ya istinadən məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Bakı İstintaq Təcridxanasında saxlanılan Əliyev İlqar Mustafa oğlunun intihar etməsi faktı üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində davam etdirilir. “İstintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”, - Eldar Sultanov qeyd edib.

Qeyd edək ki, MTN-nin həbsdə olan idarə rəisi, general Akif Çovdarovun vəkili Kamandar Nəsibov müdafiə etdiyi şəxsin MTN Antiterror Mərkəzinin rəis müavini olmuş və istintaq təcridxanasında ölən İlqar Əliyevlə bağlı dediklərini açıqlayıb. “İlqar Əliyev özünü asan idisə, ölməmişdən əvvəl özünü niyə döyürdü? Bundan başqa, o, ölümündən bir saat əvvəl evinə zəng eləyib, yeyib-içmək istəyib. Yaxud Orxana (MTN-nin həbsdə olan başqa bir əməkdaşı) ərizə yazdırıblar ki, guya, özü öz başını divara vurub. Onu o vaxtdan tibb-sanitar hissəsinə salıblar, havaya da buraxmırlar. Bütün bunları mənə Çovdarov deyib”, - Kamandar Nəsibov bildirib.

Ədliyyə Nazirliyi Penitensiar Xidməti isə bu xəbəri təkzib edib və İlqar Əliyevin təcridxanada intihar etməsi faktı üzrə hüquq-mühafizə orqanlarının müvafiq araşdırma aparıb və məsələyə hüquqi qiymət verildiyini açıqlayıb.

Xatırladaq ki, sözügedən intiharla bağlı rəsmi məlumatda bildirilirdi ki, dekabrın 20-də saat 15:55 radələrində Cinayət Məcəlləsinin 302.2; 308.2 və 309.1-ci maddələri ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı istintaq təcridxanasının ikinəfərlik kamerasında saxlanılan Əliyev İlqar Mustafa oğlu intihar edib.