“Evi sataraq 80 mini ödədik...” - Çovdarovun məhkəməsindəki ziddiyyət

-evi-sataraq-80-mini-odedik
Oxunma sayı: 5521

Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan rəisi, general-mayor Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə açıq məhkəmə iclaslarına jurnalistlərin buraxılmaması müzakirə olunub.

A.Çovdarovun vəkili Kamandar Nəsibov jurnaslistlərə hakim H.Həsənovun onlara zala buraxılması üçün razılıq verdiyini deyib. Lakin məhkəmə binasının nəzarətçisi olan polis əməkdaşı media nümayəndələrinin girişinə icazə verməyib. O bildirib ki, Həbib Həsənov ona jurnalistləri buraxmamaq barədə göstəriş verib. H.Həsənov isə polisə belə bir tapşırıq vermədiyini deyib.

Ötən iclasda general Akif Çovdarov da media əhlinin prosesdə iştirak etməsini istədiyin deyib və iclaslara gizli girən jurnalisti ifşa edib: “Arxada oturan bığlı kişi burada olanları qərəzli şəkildə yazır”.

Həmin şəxs zərərçəkmişlərdən birinin nümayəndəsi olduğunu desə də, onun yalan danışdığı bəlli olub.

***

Prosesdə zərərçəkmiş, Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı Neman Kərimov ifadə verib.

N.Kərimovun məhkəmədəki ifadəsi ilə istintaqa dedikləri arasında ziddiyyət olub.

A,Çovdarovun vəkili Sadiq Rəsulov deyib ki, N.Kərimov intintaqda Çovdarovu görmədiyini, onun bu işlərdən xəbərsiz olduğunu, məhkəməyə isə onunla görüşdüyünü deyib.

İttihama görə, N.Kərimov və dayısı oğlu Elvin iki qızla oteldə olarkən MTN basqın edib və onu nazirliyə aparıblar. Orada isə Sevinc Rüstəmovaya 30 min manat borcu olduğunu deyiblər, o da təsdiqləyib. MTN-çilər N.Kərimovu buraxmaq üçün əvvəl 250 min manat istəyib sonra isə 80 minə razılaşıblar. N.Kərimovun dayısı Zakir Mövsümov 80 min manat gətirərək MTN zabitlərinə verib və onu buraxılblar.

Proses davam edir.

***

Fasilədən sonra N.Kərimovun ziddiyətli ifadəsi üzrə suallar verilib. O məhkəmədə deyib ki, MTN-də saxlanılarkən işgəncə verilib, lakin istintaqa ifadəsində döyülmədiyini deyib. N.Kərimov hər iki ifadəsini təsdiqlədiyini, müstəntiqə maşına mindirilərkən döyülmədiyini dediyini bildirib.

Digər ziddiyyətli məqamlar üzrə də hər iki ifadəsini təsdiqlədiyini deyib.

N.Kərimovun qardaşı Mehman Kərimov ifadə verərək deyib ki, dayısı Zakir Mövsümovdan aldıqları 80 min manat borcu evlərini sataraq ödəyiblər. Vəkillər onun istintaq ifadəsinə istinad edərək orada borcun ödənilmədiyini dediyini xatırladıblar. O isə borcu ödəyib-ödəmədiklərini dəqiq xatırlamadığını deyib.

A.Çovdarov deyib ki, N.Kərimovun dayısı Zakir Mövsümov onun yaxın dostunun tanışı olub “Mənim həmin dostum xahiş etdi ki, Zakiri qəbul edim və ona kömək edim. Həmin dostum bizim ikimizin də dostu idi. Zakir Mövsümov vəfat etsə də, o dostumuz hələ də sağdır və təsdiqləyə bilər, Zakir mənə dedi ki, təkcə Nemana görə gəlməyib, oğlu da onunla birgə saxlanıldığı üçün gəlib”.

Məhkəmə prosesi noyabrın 23-də davam etdiriləcək.

Murad Əhməd