Evdən oğurlanan pul haqda - Açıqlama

evden-ogurlanan-pul-haqda-
Oxunma sayı: 3939

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Neftçala rayon Sosial Müdafiə Mərkəzinin əməkdaşının evindən oğurluq edilməsi barədə yayılan məlumata ailə üzvləri tərəfindən reaksiya verilib.

Yazıda adı hallanan Elnur Bağırovun qardaşı Elşən Bağırov “Qafqazinfo”ya müraciət edərək bildirib ki, oğurlanan pulların məbləği şişirdilib: “Mənim qardaşım barədə yayılan məlumat yanlışdır. Evdə o qədər pul olmayıb. Biz polisə müraciət edəndə də evdən 6500 manat pulun oğurlandığını bildirmişik. O pulun da 5 min manatı mənimdir. Özüm Bakıda qalıram, o pulu da atama vermişdim ki, mal-heyvan alsın. Qardaşım Elnur Bağırov da Sosial Müdafiə Mərkəzində sektor müdiri deyil, adi müfəttişdir. Hadisə baş verən gün qardaşım Elnur Bağırov məzuniyyətdə olub. Oğurlanan pulun 1500 manatı da onun məzuniyyət pulu idi”.

Elşən Bağırov deyib ki, oğurluq hadisəsi onlar toyda olarkən baş verib: “Ailəvi olaraq dayım oğlunun toyuna getmişdik. Evə gələndə gördük ki, pəncərə sındırılıb və evdən oğurluq edilib. Polis orqanları tərəfindən araşdırma aparılır”.

Qeyd edək ki, Virtualaz.org-un yaydığı məlumata görə, Mərkəzin sektor müdiri Elnur Bağırovun yaşadığı mənzildən 23 min manat oğurlanıb.

Murad Əhməd