Eldar Sabiroğlunun oğlu barəsində cinayət işinin istintaqı başa çatıb

eldar-sabiroglunun-oglu-baresinde-cinayet-isinin-istintaqi-basa-catib
Oxunma sayı: 2877

Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərova Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində qaldırılmış cinayət işinin istintaqı başa çatıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə vəkil Bəhruz Bayramov “Amerikanın Səsi”nə bildirib.

Vəkilin sözlərinə görə, artıq iş materialları ilə tanış olublar.

“Cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə vəsatət də qaldırdıq və vəsatətimiz təmin edilmədi”, o qeyd edib.

Vəkil bildirib ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Rüfət Səfərov 2015-ci ilin sonlarında açıqlama verərək prokurorluq orqanlarından istefa verdiyini bəyan edib. Bundan sonra Baş Prokurorluq onun barəsində xidməti yoxlama aparıb.

Baş Prokurorluğun yaydığı məlumata əsasən, Rüfət Səfərov “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi (rüşvət alma-təkrar törədildikdə) ilə cinayət işi başlanıb.

Bakının Binəqədi rayon Məhkəməsi 2016-cı il yanvarın 15-də Səfərov barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçib. Yanvarın 22-də Binəqədi rayon Məhkəməsi Səfərov barəsində seçdiyi həbs qətimkan tədbirini ev dustaqlığı imkan tədbiri ilə əvəz edib.

R. Səfərov iqtidarda olan Yeni Azərbaycan Partiyasının fəallarından, Milli Məclisin keçmiş üzvü Eldar Sabiroğlunun oğludur. Eldar Sabiroğlu son bir ildə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin fəaliyyətini kəskin tənqidi ilə fərqlənir.

Rüfət Səfərov ittihamı qəbul etmir və sifariş kimi qiymətləndirir. O tənqidi mövqeyindən dönməyəcəyini bildirir.