DİN-dən sosial şəbəkələrdəki oğurluq ajiotajına - Reaksiya

din-den-sosial-sebekelerdeki-ogurluq-ajiotajina
Oxunma sayı: 8279

Son günlər sosial şəbəkələrdə evlərə fərqli “ad”lar altında daxil olaraq oğurluq edənlər barədə yayılan məlumatlar əhali arasında panika yaradıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, vətəndaşlar tərəfindən yayımlanan videoda görünür ki, gül satıcısı kimi qapını döyən şəxslərə mühafizə xidməti əməkdaşının onları gözlədiyi deyiləndə dərhal qaçaraq ordan uzaqlaşırlar. Vətəndaşın sözlərinə görə, həmin şəxs gülləri binanın içində hardasa gizlədib və əlində balaca paketlə binadan uzaqlaşıb.

Bundan başqa digər şəxslər isə tanımadıqları şəxslərin qapılarını döyərək “su işçisi”, “maşını parkinqdən çıxartmaq üçün gələn”, “Kabel TV-dən gələn” adları ilə zorla mənzilə daxil olmağa çalışdıqlarını qeyd ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə ajiotajla bağlı məlumatlar o yazını yazanların uydurmasıdır:

“Əhalinin, vətəndaşlarımızın qorxmağa, ajiotaja düşməyə heç bir əsas yoxdur. Ölkədə kriminogen duruma nəzarət olunur, baş verən cinayətlərin böyük əksəriyyəti açılır.

O ki qaldı sösial şəbəkələrdə kimlərinsə camaat arasında çaşqınlıq məqsədi ilə yayılan məlumara, mən məsləhət görərdim ki, vətəndaş bir şübhəli məqamla rastlaşdıqda dərhal Daxili İşlər Nazirliyinin 102 xidmət mərkəzinə məlumat versinlər. Bununla da məsələ öz həllini tapacaq”.

Nazirlik sözçüsü deyib ki, son dövrdə Daxili İşlər Nazirliyinə oğurluqla bağlı daxil olan şikayətlərin sayında heç bir artım yoxdur: “Əvvəllər necə olubsa, indi də elədir. Vətəndaşların şikayət etdiyi oğurluq hallarının da üstü isti izlərlə açılıb. Əsas odur ki, vətəndaş aktivlik göstərsin və öz başına gələnlər barədə polisə vaxtında məlumat versin. Bu cür halların kütləviləşməsindən vətəndaş qorxmur, sadəcə vətəndaşı qorxutmağa çalışan bəzi “jurnalislər” və “saytlar” var. Ona görə də vətəndaşları qorxmamağa dəvət edirik. Rastlaşdıqları hər hansı xoşagəlməz halla bağlı da dərhal 102 xidmətinə məlumat versinlər, sosial şəbəkələrə yox”.

Murad Əhməd