“Putin bizə təşəkkür etdi...” - Binəqədidəki yanğına görə həbs olunan direktor

putin-bize-tesekkur-etdi
Oxunma sayı: 3654

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən Miryusif Mahmudov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin sərbəst ifadələri davam etdirilib.

Təqsirləndirilən "Global Stone" MMC-nin baş direktoru olmuş Ələkbər Əsgərov ifadə verib. O bildirib ki, Miryusif Mahmudovun təklifi ilə 2011-ci ildən bu vəzifədə işləməyə razılaşıb və şirkət üçün "Müəssisənin bütün ehtiyatlarının planlanması" sistemini qurub: "Mənim bundan başqa heç bir fəaliyyətim olmayıb. Bilmirəm bu işə nə aidiyyatım var. 2013-cü ildə Soçidə Olimpiya oyunları keçirilən zaman ordan sifariş aldıq. Həmin vaxt bizim Avropa Birliyinə ixrac üçün sertifikatımız var idi. Soçidəki sifarişçi şirkət Rusiya üçün də belə sertifikatın olmasını tələb etdi. Biz onların təyin etdiyi müəssisələrə ekspertizadan keçirilməsi üçün nümunələr göndərdik və keyfiyyət sertifikatı verildi. Həmin binaların açılışı prezident Putin özü etdi, bizə də təşəkkür məktubu göndərildi".

Ə.Əsgərov suallara cavab verib. Dövlət ittihamçısı Fərid Nağıyev material yanıb-yanmadığının necə ekspertizadan keçirildiyini soruşub: "Çünki Azərbaycanda poliuretanın ekspertizası üzrə laboratoriya yoxdur".

Ə.Əsgərov bunu sifarişçinin özünün tələbi ilə edildiyini deyib: "Bu işlər mənim səlahiyyətimə daxil deyildi. Sifarişçi özü harda istəsə, yoxlatdırardı. Biz sadəcə texniki şərtə uyğun olaraq material hazırlayırdıq".

Zərərçəkmiş Feyzulla Bağırov sual verərək xaricdən maye halında alınan məhsulun burada qablaşdırılarkən əlavə hansısa məhsulun qatılıb-qatılmadığını soruşub. Ə.Əsgərov isə bunun mümkün olmadığını deyib.

F.Bağırov fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan sitat gətirərək bu məsələyə aydınlıq gətirilməsini istəyib: "Nazir efirdə dedi ki, ekspertizaya verilən materiallarla binanın üzlənməsində istifadə olunan materiallar eyni olmayıb. Hələ ki, bunu heç kim təkzib etməyib. Siz bilirdinizmi ki, həmin materiallar yanarkən zəhərli qaz ixrac edir?".

Ə.Əsgərov deyib ki, bu sualların cavabı ekspertizadadır: "İnternetdə də hansı materialdan nə qədər zəhərli qaz ixrac olduğu barədə məlumat var. Ən dayanıqlısı poliuretandır".

Bundan sonra Ə.Əsgərov şirkətin MTN tərəfindən hədələnməsi barədə danışıb: "Otaqda Miryusif müəllimlə çay içirdik, şirkətin təhlükəsizlik üzrə məsul şəxsi Arif Əliyev gəlib dedi ki, Xətaidə yanan bina ilə bağlı ölkə rəhbərliyinə təqdim olunması barədə rəy hazırlanır. Dedi ki, əgər 300 min manat verilməsə, bizim şirkət haqda da mənfi rəy veriləcək. Sonra o məsələnin necə həll edildiyini bilmədim. Miryusif müəllim şirkətin işinə birbaşa müdaxilə etmirdi. Bizə sifariş olunarkən materialların hansı binaya, hansı üsulla vurulacağını bilmirdik. Mənimlə birlikdə tutulanların çoxu ilə burda tanış olmuşam. İstintaqda birinci ifadəmi vəkilsiz verdim, sonra gördüm ki, demədiyim şeyləri yazıblar. Ona görə yenidən yazılı ifadə verdim".

Digər təqsirləndirilən Uğur Bəşirov sərbəst ifadə verib. O deyib ki, 2013-cü ilin iyun ayında "Global Stone" MMC-də direktor kimi işə başlayıb: "Yanğının səhərisi gün ifadə verdim, düşünürdüm ki, qısa müddət sonra buraxılacağam, çünki məsələyə heç bir aidiyyatım yox idi. Mən bina üzlənəndən sonra vəzifəyə təyin olunmuşam. Amma həmin gün də həbs olundum. Mənə orda dedilər ki, məhz yanan bina ilə bağlı araşdırma aparırlar. Ondan sonra da məndən heç nə soruşmadılar, 1 il heç məni itirib-axtaran da olmadı. İstintaq bitəndə gəlib soruşdular ki, ilk ifadəni təsdiq edirsən, dedim hə.

Azadlıq prospektindəki yanan bina üçün materiallar hazırlanarkən və göndərilərkən mən şirkətdə işləmirdim, həmin binaya heç bir aidiyyatım olmayıb. Vəkilim Cavid Rzazadə istintaqa da, məhkəməyə də binanın üzlənməsi tarixlərini əks etdirən fotoları təqdim edib, lakin heç biri tədqiq etməyib".

Proses günün ikinci yarısı davam etdiriləcək.

***

Günün ikinci yarısında davam etdirilən prosesdə Binəqədi rayon icra başçısının sabiq birinci müavini Qəzənfər Novruzov sərbəst ifadə verərək özünü təqsirli bilmədiyini deyib: "Mən icra hakimiyyətində vəzifəyə təyin olunanda artıq təmir işləri başlamışdı. O materialın yanmağa dözümlü olub-olmadığını yoxlamaq səlahiyyətim yox idi. Bunun üçün müvafiq dövlət qurumlarına müraciət etdik, onlar da həmin şirkətə lazımi sertifikatın verildiyini bildirdilər. Bina təhvil verilərkən müalicə üçün xaricdəydim.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Akif Əlibəyov ifadəsində verdiyi rəyə hələ də cavabdeh olduğunu bildirib: "Uşaq oyuncaqlarının tərkibində də "poliuretan" var. Heç bir təhlükəsi yoxdur. Mən bu materialın gigiyeasına cavabdehəm. Bu maddənin insan orqanizminə heç bir zəhərli təsiri yoxdur. Hətta üstünə çörək də töküb yesən sağlamlığa heç bir ziyan olmaz".

Məhkəmə prosesi oktyabrın 25-də davam etdiriləcək.

Murad Əhməd