“Atletlər kəndi”ndəki qəza ilə bağlı - Şahidlər dindirildi

atletler-kendindeki-qeza-ile-bagli-
Oxunma sayı: 1897

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərini avtobusla vurmaqda təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyi nin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, Xidmətin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov və "Təhlükəsiz Şəhər Xidməti"nin operatoru Elçin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo ”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Nizami RPİ növbətçi hissəsinin rəisi Mehman Əliyev deyib ki, Elçin Həsənovu 2012-cü ildən tanıyır: "Təhlükəsiz Şəhər xidmətində operator kimi çalışırdı. Dəfələrlə kurslara gedib, təlimatları yaxşı bilirdi. Avropa Oyunlarında bizim idarə gecə və gündüz qruplarına ayrılmışdı. Mən gündüz qrupun rəhbəriydim və Atletlər kəndində xidmət aparırdım. Hadisədən sonra Vəli Əhmədovu mənim yanıma gətirdilər, dedi ki, qəza əyləcin tutmaması səbəbindən baş verib. Videonu Elçinin yaydığını bilmirdim. Elçin Həsənovun həmin görüntüləri kiməsə vermək ixiyarı yoxdu. Təlimatları yaxşı bilirdi. Elçin Həsənov peşakar operator idi. Nə qədər qapalı cinayətləri tapıb. Bunun üçün də dəfələrlə təşəkkür alıb. İşə gecikmələri də olub, bir dəfə də işə noutbook gətirdiyi üçün töhmət vermişəm".

Elçin Həsənov bildirib ki, bu barədə heç bir təlimat almayıb: "Hadisədən 2 gün sonra Mehman Əliyevin otağında bir çox sənədlərə qol çəkmişəm".

Hakim bildirib ki, dəfələrlə çağırılmalarına baxmayaraq bir çox şahid məhkəməyə gəlməyib. Şahidlərdən 4-ü xarici ölkə vətəndaşıdır. Digər şahidlər barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilib.
Məhkmə prosesi iyunun 3-ə təyin edilib.

Qeyd edək ki, 2015-ci il iyun ayının 11-də, I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Hadisədən sonra avtobusun sürücüsü V.Əhmədov, Nəqliyyat Nazirliyi nin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi H.Salamov və "Təhlükəsiz şəhər” kamerasının operatoru E.Həsənov adlı şəxs tutulub.

NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi F.Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb. V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Murad Əhməd