“Atletlər kəndi”ndəki qəza ilə bağlı - prosesdən yeni xəbər

atletler-kendindeki-qeza-ile-bagli-
Oxunma sayı: 1563

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərini avtobusla vurmaqda təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, Xidmətin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov və "Təhlükəsiz Şəhər Xidməti"nin operatoru Elçin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyiblər.

Dövlət ittihamçısı Eldar Həmzəyev məzuniyyətdə olduğu üçün iş üzrə onu Mübariz Mirili əvəzləyib.

Bundan sonra təqsirləndirilən şəxslər son söz nitqi ilə çıxış ediblər. Vəli Əhmədov müdafiəçisinin çıxışı ilə razılaşdığını bildirib.

Hüseyn Salamov isə uzun müddət dövlət qulluğunda çalışdığını deyib: "Dövlətimizə həmişə sadiq olmuşam. Özümü bu cinayət işində heç zaman təqsirli bilməmişəm. Mənim 2 azyaşlı övladım olmasını nəzərə almağınızı, bəraət hökmü verməyinizi xahiş edirəm”.

Digər təqsirləndirilən Fərid Əmiraslanov da çıxışında heç bir günahı olmadığını və bəraət hökmünün çıxarılmasımı istədiyini deyib.

Prosesdə saat 17:00-a qədər fasilə elan edilib.

Murad Əhməd