Alışanov-Məhərrəmli çəkişməsi Apellyasiya Məhkəməsinə çıxarılır

alisanov-meherremli-cekismesi-apellyasiya-mehkemesine-cixarilir
Oxunma sayı: 1276

AzTV sədri Arif Alışanovun media eksperti Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə Yasamal rayon məhkəməsində qəbul etdiyi qərardan apellyasiya şikayəti veriləcək.

Bu barədə “Qafqazinfo”ya jurnalistin vəkili Cavid Rzazadə bildirib.

C.Rzazadə qeyd edib ki, sonuncu iclasda onlar linqvistik ekspertizanı keçirəcək mütəxəssislərə etiraz ediblər, lakin hakim etirazı qəbul etməyib.

Vəkil ekspertlərə edilən etirazın səbəblərini açıqlayıb: “Həmin ekspertlər Bakı Dövlət Universitetinin müəllimləridir. Qulu Məhərrəmnli də BDU-nun professorudur, orada müəllim kimi dərs deyir. Hüquq və etik baxımdan ekspertin eyni kollektivdən seçilməsi doğru deyil. Həmçinin, ekspertlərdən biri uzun müddət Arif Alışanovun övladının şəxsi müəllimi olub. Bunu Alışanovun vəkili də məhkəmədə təsdiqləyib. Bu o deməkdir ki, Alışanovla həmin ekspert arasında şəxsi münasibətlər var. Bundan başqa, digər ekspertin elmi dərəcəsi yoxdur, həm də eyni kafedradan olduqlarına görə o, birinci ekspertdən asılıdır. Əslində isə ekspertlər müstəqil adamlar olmalıdır.

Bunlar kifayət qədər əsaslı arqumentlərdir, amma məhkəmə bunları nəzərə almadı”.

Murad Əhməd