Adam bıçaqladı - 10 il həbs cəzası aldı

adam-bicaqladi
Oxunma sayı: 1128

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ona borc verən şəxsi öldürməyə cəhd etməkdə təqsirləndirilən Ruslan Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Prokuror çıxış edərək R.Mikayılovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Ruslan Mikayılov son sözlə çıxış edərək zərərçəkəni öldürmək niyyətində olmadığını deyib: "Məhərrəm Abdullayev mənə 25 manat borc vermişdi. Mən də işdən maaşımı ala bilmirdim, demişdim ki, maaşı alanda verəcəm. İyunun 12-də Məhərrəm zəng edib kobud formada danışaraq pulunu istədi. Mən də onunla görüşməyə getdim. Zabratda yanacaqdoldurma məntəqəsinin yanında görüşdük. Məhərrəm içkili idi, anama söydü. Mən də dözmədim vurdum. Amma öldürmək niyyətim yox idi".

Zərərçəkən M.Abdullayev məhkəmədə şikayətçi olmadığını bildirib.

Cinayət Məcəlləsinin 29.120.1-ci maddəsi (öldürmək niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) ilə təqsirləndirilən R.Mikayılov məhkəmənin hökmü ilə  10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2 azyaşlı uşağı olan Ruslan Mikayılov əvvəllər də məhkum həyatı yaaşyıb.

Murad Əhməd