15 il sonra valideyn olan cütlüyün faciəsi - Təfərrüat

15-il-sonra-valideyn-olan-cutluyun-faciesi-
Oxunma sayı: 4733

Yanvarın 1-də Ağsu şəhərində ər və arvadının ölümü ilə nəticələnən dəhşətli qəzanın təfərrüatları məlum olub.

Qafqazinfo”nun Lent.az-a istinadən məlumatına görə, hadisə axşam saatlarında 1958-ci il təvəllüdlü Xəyyam Əliyev, onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Xatirə Əliyeva və azyaşlı övladları ilə Ağsuda qohumlarının evinə bayramlaşmağa gedərkən baş verib.

Ailə üzvləri Heydər Əliyev prospekti ilə gedərkən uşaqlar qohumlarının evinə çatdıqlarını deyiblər və qaçaraq məhəlləyə giriblər. Bu zaman 1970-ci il təvəllüdlü Ədilov Əmirşah Məmmədşah oğlu idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə sürətlə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq piyada səkisində hərəkət edən Xəyyam və Xatirəni vurub. Cütlük hadisə yerindəcə keçinib.

Piyadaları vuran avtomobil sonra hasara çırpılaraq aşıb. Zərbənin təsiri nəticəsində avtomobilin sürücüsü Əmirşah Ədilov, onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Ədilova Məhbubə Sədulla qızı, və övladları, 2000-ci il təvəllüdlü Əmrah Ədilov və 1998-ci il təvəllüdlü Afaq Ədilova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bildirilir ki, Xəyyam Əliyev və Xatirə Əliyeva evləndikdən sonra uzun illər onların övladı olmayıb. Onlar ayrılmayıb və təxminən 15 il sonra cütlüyün övladı dünyaya gəlib.

O da məlum olub ki, hadisəni törədən sürücü sərxoş vəziyyətdə avtomobil idarə edirmiş və yol hərəkət qaydalarını əvvəllər də dəfələrlə kobudcasına pozub.